Hər gün qara şokolad yemək orqanizmdə nəyi dəyişir? - Diyetoloq detalları açıqladı

SAĞLAMLIQ
22:34 / 06.04.2026
45

Bir çox insanlar vaxtaşırı şirin nəsə yeməyi sevir və şokolad şirin istəyi ödəmək üçün ən çox seçilən məhsullardan biridir. 

HİT.az xəbər verir ki, “Real Simple” nəşri şokoladın qidalanma baxımından hər gün istifadə üçün nə dərəcədə uyğun olduğunu araşdırıb.

Nəşrin məlumatına görə, süd və qara şokolad arasında seçim edilməli olduqda, qara şokolad daha üstün sayılır. Bildirilir ki, qara şokoladda əlavə şəkər daha azdır və antioksidantlar kimi daha çox faydalı maddələr mövcuddur.

Eyni zamanda qeyd olunur ki, həm süd, həm də qara şokolad kakao bitkisindən əldə edilən kakaodan hazırlanır.

“Baxmayaraq ki, hər iki növ emal olunur, qara şokolad daha az emaldan keçir və buna görə üstün sayılır”, deyə nəşr bildirir.

Qara şokoladın fərqləndirici cəhəti onun yüksək kakao tərkibidir. Adətən, tərkibində ən azı 50 faiz kakao quru maddəsi olur. Bundan əlavə, qara şokoladda süd ya ümumiyyətlə olmur, ya da çox az olur və əlavə şəkər miqdarı da daha aşağıdır.

“Daha yüksək kakao tərkibi ürəyi qoruyan daha çox antioksidant və daha az əlavə şəkər deməkdir”, diyetoloq Şeri Qau bildirib.

O, ən azı 70 faiz kakao tərkibli qara şokolad seçməyi tövsiyə edir. ABŞ Kənd Təsərrüfatı Departamentinin (“USDA”) məlumatına görə, belə şokoladın 70 qramlıq porsiyası təxminən aşağıdakı qida dəyərlərinə malikdir:

Kalori: 170
Karbohidrat: 13 q
Lif: 3,09 q
Şəkər: 6,8 q
Yağ: 12,1 q
Zülal: 2,21 q
Maqnezium: 64,6 mq
Sink: 0,938 mq
Dəmir: 3,37 q
Kofein: 22,7 q

Şeri Qau 2024-cü il araşdırmalarına istinadən bildirir ki, flavanollar kimi güclü antioksidantların yüksək miqdarı sayəsində qara şokolad ürək-damar sistemi üçün qoruyucu təsir göstərə bilər.

“İki həftə ərzində hər gün 50 qram qara şokolad qəbul edən kişi qaçışçılarda arterial təzyiqin yaxşılaşması və damar funksiyalarında ümumi irəliləyiş müşahidə olunub”, deyə diyetoloq qeyd edib.

Bundan əlavə, bəzi tədqiqatçılar qara şokoladı funksional qida hesab edirlər. Yüksək antioksidant aktivliyi səbəbilə onun Alzheimer və bəzi xərçəng növləri kimi xəstəliklərin riskini azalda biləcəyi ehtimal olunur.

“Gündə 30 qram qara şokolad, xüsusilə digər şirin qidaların yerinə istifadə olunduqda, sağlamlığa müsbət təsir göstərə bilər”, deyə Şeri Qau bildirib.

Diyetoloq vurğulayır ki, bu məhsulda vitamin və minerallar olsa da, onu daimi nəzarətsiz şəkildə istehlak etmək olmaz: “Porsiyalar nəzarətdə saxlanmalı və artıq kalori və şəkər qəbulundan qaçmaq üçün qara şokolad sağlam qidalarla balanslaşdırılmalıdır”.

Nəşr qeyd edir ki, qara şokoladda kofein də mövcuddur və bəzi insanlar buna qarşı həssas ola bilər. Şokolad nə qədər tünddürsə, tərkibində kofein də bir o qədər yüksək olur.

Samir
 

0