Viruslar bir-birinin "danışıqlarını eşidir", bəzən isə yalan danışırlar: Bu, niyə baş verir?

SAĞLAMLIQ
17:40 / 07.04.2026
44

Bütün canlılar qərar qəbul etmək üçün ətraf mühitdən gələn informasiyaya güvənir. İndi məlum olub ki, viruslar da digər viruslardan “öyrənə” bilir. Lakin bu prosesin araşdırılması göstərib ki, başqa növün siqnallarına etibar etmək bəzən onları çıxılmaz vəziyyətə sala bilər. 

HİT.az xəbər verir ki, bu barədə "IFL Science" yazır.

Virus hüceyrəyə daxil olduqda, o, hər zaman dərhal onu virus istehsal edən “fabrikə” çevirmir. Bəzən isə virus sakit vəziyyətə keçir. Bu qərarın nə vaxt və niyə verildiyini anlamaq həm təkamül prosesini izah edə, həm də viruslarla mübarizədə və ya onların tətbiqində kömək edə bilər.

Faqələr – heyvan və ya bitkiləri deyil, bakteriyaları yoluxduran viruslardır. Onlar antibiotiklərə davamlılıq probleminə alternativ kimi təklif olunur, çünki bakteriyalar onlara qarşı müdafiə inkişaf etdirsə də, faqələr də uyğunlaşaraq effektivliyini qoruya bilir. Bununla belə, tibbdə istifadələri hələ ilkin mərhələdədir.

Böyük Britaniyanın Ekseter Universitetindən aspirant Rebeka Vudhems bu virusları daha yaxşı anlamağa çalışır: “Virusun hüceyrəni məhv etməsi (lizis) və ya sakit vəziyyətdə qalması (lizogeniya) konkret şəraitdən asılıdır. Əgər çoxlu bakteriya varsa, virus onları yoluxdurmaq üçün lizisi seçir. Əgər bakteriyalar azdırsa, gözləmək daha təhlükəsizdir”.

Bu, qida çatışmazlığı zamanı heyvanların qış yuxusuna getməsinə bənzəyir, lakin burada mövsümi siqnallar yoxdur. On il əvvəl məlum olmuşdu ki, faqələr peptidlər vasitəsilə kimyəvi mesajlar göndərir və bununla digər viruslara “qida ehtiyatları” barədə məlumat verir. Aşağı siqnal səviyyəsi çoxlu bakteriya olduğunu göstərir, yüksək səviyyə isə onların azaldığını bildirir. Bu proses bakteriyalarda “kvorum hissi” kimi tanınır.

Yeni araşdırmalar göstərir ki, faqələr yalnız öz növlərinin deyil, digər növlərin siqnallarını da qəbul edə bilir – lakin bu, vəziyyəti daha mürəkkəbləşdirir.

“Virus başqa növün siqnallarını aşkar etdikdə, bəzən bu məlumat ona aid olmasa belə, o, hüceyrəni məhv etmək əvəzinə sakit vəziyyətdə qalmağa üstünlük verir”, deyə Ekseter Universitetindən Robin Menli qeyd edib.

Araşdırma göstərib ki, bəzi hallarda bu əlaqə birtərəfli olur: bir virus digərini “anlayır”, lakin əks istiqamətdə bu baş vermir.

“Bu, siqnal göndərən virus üçün faydalı ola bilər, çünki o, rəqibin hüceyrələri məhv etməsinin qarşısını alır. Lakin siqnala reaksiya verən virus üçün bu, zərərli ola bilər. Yəni viruslar arasında ünsiyyət həmişə əməkdaşlıq deyil – bəzən bu, manipulyasiyadır”, deyə Menli vurğulayıb.

Bəzi faqələr – “superinfektorlar” – digərlərindən daha sürətlə yayılır. Daha zəif virusların rəqiblərini lizogeniya vəziyyətinə salması onların müdafiə strategiyası kimi çıxış edə bilər.

Alimlər qeyd edir ki, əgər bu “dezinformasiya” çox təsirli olarsa, nəticədə digər siqnalları qəbul etməyən yeni virus mutasiyaları yarana bilər.

Tədqiqatçılar "Bacillus subtilis" və "Bacillus thuringiensis" bakteriyalarını yoluxduran faqələri araşdırıblar. Bu bakteriyalar müvafiq olaraq, heyvanların bağırsağında qidanın həzmində və zərərvericilərlə mübarizədə mühüm rol oynayır.

Alimlər hesab edir ki, bu nəticələr insanlarda xəstəlik törədən bakteriyaları yoluxduran faqələr üçün də актуal ola bilər.

Samir
 

0