Qəhvə sadəcə səhər ritualı deyil. Bu içki qaraciyər üçün ən faydalı içkilərdən biri ola bilər.
HİT.az "Verywell Health"a istinadən xəbər verir ki, genişmiqyaslı tədqiqatların nəticələri qəhvənin müntəzəm istifadəsinin qaraciyər problemlərini azaldığını və mövcud xəstəliklərdə daha yaxşı nəticələrlə əlaqəli olduğunu göstərir.
Qəhvə qaraciyərə necə fayda verə bilər?
Gündə 3–4 fincan qəhvə içmək aşağıdakı müsbət təsirlərlə əlaqələndirilir:
* qaraciyər hüceyrələrində yağ yığılmasının azalması
* oksidləşdirici stress və iltihabla mübarizə
* qaraciyərdə çapıqlaşmanın (fibrozun) ləngiməsi
* qaraciyər xəstəliklərinin daha yavaş irəliləməsi
* qaraciyər xərçəngi riskinin azalması
* qaraciyər xəstəlikləri ilə bağlı ölüm riskinin azalması
Qoruyucu təsirin kofein, xlorogen turşusu və digər bioaktiv maddələrlə bağlı olduğu düşünülür. Həm kofeinli, həm də kofeinsiz qəhvə müəyyən fayda göstərə bilər.
Qaraciyərin yağlanması
2021-ci il analizləri ümumi populyasiyada qəhvənin yağlı qaraciyər xəstəliyinin qarşısını açıq şəkildə almadığını göstərib. Lakin artıq diaqnoz qoyulmuş xəstələrdə qəhvə içənlərdə ağır fibroz riski təxminən 35% daha aşağı olub.
Sirroz
Sirroz – qaraciyərin ciddi çapıqlaşmasıdır və uzunmüddətli zədələnmənin nəticəsidir. Qəhvə bu riskin azalması ilə əlaqələndirilir.
Böyük tədqiqatlara görə, qəhvə içənlərdə xroniki qaraciyər xəstəliklərindən ölüm riski təxminən 49% daha aşağı olub.
Qaraciyər xərçəngi
Tədqiqatlar göstərir ki, qəhvə qaraciyərin ən yayılmış xərçəng növü olan hepatosellulyar karsinoma riskini azalda bilər. Daha yüksək qəhvə istehlakı daha aşağı risklə əlaqələndirilir.
Gündə nə qədər qəhvə içmək olar?
Maksimal fayda adətən gündə 3–4 fincan səviyyəsində müşahidə olunur. Bununla belə, sağlam böyüklər üçün ümumi kofein limiti təxminən 400 mq-dır.
Hazırlanma üsulu
Filtrsiz qəhvə bəzi maddələrə görə xolesterini artıra bilər. Kağız filtr isə bu maddələri azaldır, ürək üçün daha təhlükəsiz variant yaradır.
Eyni zamanda filtrasiya bəzi faydalı komponentləri də azalda bilər, buna görə qəhvənin təsiri hazırlanma üsulundan asılıdır.
Samir


