Ağciyər xərçənginin cərrahi müalicəsi hətta 80 yaşdan yuxarı xəstələrdə də effektiv ola bilər.
HİT.az xəbər verir ki, bu nəticəyə tədqiqatçılar gəlib və araşdırmanın nəticələri "The Lancet Regional Health-Americas" jurnalında dərc olunub.
Alimlər erkən mərhələdə ağciyər xərçəngi diaqnozu qoyulmuş və əməliyyat keçirmiş 884 pasiyentin məlumatlarını təhlil ediblər. Onlardan 114 nəfəri 80 yaşdan yuxarı olub. Təhlil göstərib ki, cərrahi müdaxilədən sonra yaşlı xəstələrin ömür uzunluğu gənc pasiyentlərlə müqayisə edilə bilən səviyyədədir.
Əməliyyatdan sonrakı ilk həftələrdə yaşlı xəstələrdə ağırlaşmalar bir qədər daha çox müşahidə edilsə də, sonrakı dövrdə onların əksəriyyəti uğurla bərpa olunub. Bir il sonra bir çox iştirakçı həyat keyfiyyətinin yaxşılaşdığını bildirib.
Müəlliflər vurğulayır ki, ağciyər xərçəngi ən çox məhz yaşlı insanlarda aşkarlanır. Buna baxmayaraq, erkən mərhələdə belə hallarda yaş faktoruna görə əməliyyatdan imtina edilməsi tez-tez baş verir.
Tədqiqatın nəticələrinə görə, təkcə yaş müalicə metodunun seçilməsində həlledici amil olmamalıdır. Daha vacib olan xəstənin ümumi sağlamlıq vəziyyəti və əməliyyata dözümlülüyüdür.
Alimlərin qənaətinə görə, xəstəlik erkən aşkarlandıqda, əməliyyat hətta irəli yaşda belə sağalma şansı verə bilər. Buna görə də yaşlı xəstələr avtomatik olaraq effektiv müalicə imkanlarından kənarlaşdırılmamalıdır.
Samir


