Həkimdən üz gimnastikasının təhlükəsi barədə xəbərdarlıq

SAĞLAMLIQ
11:45 / 08.04.2026
42

Bir çox insan tərəfindən inyeksiya və plastik əməliyyata alternativ kimi qəbul edilən üz gimnastikasının (feys-fitnes) effektivliyini təsdiqləyən güclü elmi sübutlar yoxdur. Bundan əlavə, üz üçün edilən məşqlərin düzgün yerinə yetirilməməsi dərinin qocalma prosesini sürətləndirə bilər. 

HİT.az xəbər verir ki, bu barədə gazeta.ru-ya tibb elmləri doktoru, dermatoloq Yuliya Qallyamova bildirib.

Mütəxəssisin sözlərinə görə, dərinin sağlamlığı və xarici görünüşü əsasən onun qoruyucu baryerindən asılıdır. Bu baryer dərini nəmləndirir, xarici təsirlərdən qoruyur və hüceyrələrin normal fəaliyyətini təmin edir. Baryer zədələndikdə dəri quruyur, həssaslaşır, daha tez iltihablanır və daha sürətli qocalır.

Son illərdə feys-fitnes “təbii cavanlaşma” üsulu kimi populyarlaşıb. Guya bu məşqlər dərini dartır və qırışları azaldır. Lakin elmi tədqiqatlar bu effekti təsdiqləmir.

"Hətta bəzi dermatoloqlar və plastik cərrahlar da mümkün risklər barədə xəbərdarlıq edirlər. Yanlış məşqlər dərinin davamlı sıxılması nəticəsində qırışları dərinləşdirə, şişkinlik yarada və hətta sinir uclarında spazmlara səbəb ola bilər. Ümumilikdə tibbi cəmiyyət feys-fitnesin qocalmanı yavaşlatma təsirini çox zəif qiymətləndirir", deyə həkim bildirib.

Qallyamovanın sözlərinə görə, üz gimnastikası ilə bağlı araşdırmaların əksəriyyəti ciddi məhdudiyyətlərə malikdir: az sayda iştirakçı, nəzarət qruplarının olmaması və subyektiv nəticə qiymətləndirməsi.

“Daha yeni tədqiqatlarda yalnız kiçik dəyişikliklər qeydə alınıb — məsələn, əzələ tonusunda və ya yanaq həcminin bir qədər artması. Bu isə ciddi cavanlaşdırıcı effekt demək deyil", deyə o qeyd edib.

Mütəxəssis həmçinin vurğulayıb ki, dəriyə qulluqda ən çox edilən səhvlərdən biri həddindən artıq müdaxilədir. Yəni insanların eyni anda çox sayda kosmetik vasitə və prosedurdan istifadə etməsi dərinin qoruyucu baryerini zədələyə bilər.

Samir

0