“Cəmiyyətdə psixoloqlarla bağlı çox yayılmış yanlış fikirlər var”.
Bu sözləri klinik psixoloq Zəhra Zahidova Hit.az-a açıqlamasında deyib.
O, bəzi şəxslərin dostlarla məsləhətləşməyin psixoloq yanına getməyi üstün tutmasını yanlış adlandırıb:
“Bəziləri düşünür ki, “Niyə psixoloqa gedim?” “Dostumla danışaram, keçər”. Bəzən rəfiqələrimizlə danışanda doğrudan da insan yüngülləşir. Dostla dərdləşmək pis deyil, əksinə çox vacibdir. İnsan paylaşanda içində yığılan emosiyalar azalır, özünü tək hiss etmir anlaşıldığını düşünür. Psixologiyada buna emosional boşalma deyilir. Bu, insana qısa müddətli rahatlıq verir və stresi azaldır”.
Lakin ekspert qeyd edib ki, rahatlamaqla problemi həll etmək fərqli anlayışlardır:
“Dost səni dinləyir, sənə dəstək olur, bəzən səni qorumaq üçün “sən haqlısan” deyir. Lakin dost sənin probleminin kökünə enmir, sənin düşüncə və davranışlarını analiz etmir, çox vaxt öz təcrübəsinə görə məsləhət verir. Yəni yaxşı niyyətli olsa da, yanaşma subyektiv olur. İnsanın bəzən fərqindəlik qazanmağa və ya məsləhət almağa deyil, sadəcə dinlənilməyə ehtiyacı olur”.
Mütəxəssis diqqətə çatdırıb ki, psixoloqla proses isə fərqlidir:
“Psixoloq sadəcə qulaq asmır. O, sənin niyə belə hiss etdiyini anlamağa kömək edir, təkrarlanan davranışlarını göstərir, düşüncə tərzindəki səhvləri üzə çıxarır və problemi kökündən işləməyə yönəldir. Ən vacibi də odur ki, psixoloq sənə məsləhət vermir. Səninlə dəyişmək və inkişaf etdirmək fərqindəlik qazandırmaq üçün işləyir. Əslində, insan həm dost dəstəyindən yararlanmağı bilər, həm də ehtiyac olduqda psixoloqa müraciət etməyi normal qəbul etməlidir. Bu zəiflik yox, əksinə psixoloji yetkinlik göstəricisidir”.
Pərviz



