Azərbaycanın steril dərman məhlulları istehsalçısı olan “Diamed” zavoduna media nümayəndələrinin səfəri təşkil olunub.
Media turu çərçivəsində müəssisənin beynəlxalq GMP (Etibarlı İstehsalat Təcrübəsi) sertifikatına layiq görülməsi və istehsal prosesinin müasir standartları barədə ətraflı məlumat verilib.
Jurnalistlər zavodun dünyanın ən qabaqcıl şirkətlərinin avadanlıqları və GMP standartlarına uyğun təmiz sinif zonaları ilə təchiz edilmiş, eləcə də tam avtomatlaşdırılmış istehsal xətləri ilə tanış olublar. Bildirilib ki, müəssisədə tam qapalı sistemin tətbiqi nəticəsində insan müdaxiləsi olmadan tam risksiz məhsul istehsal edilir. Eyni zamanda, istehsalda istifadə olunan suyun təmizliyi 24 saat onlayn rejimdə monitorinq edilir ki, bu da yüksək keyfiyyətli məhsul istehsalına tam təminat verir. Dərman qatqıları və bütün farmasevtik inqrediyentlər isə Almaniya və Avstriyanın etibarlı şirkətlərindən idxal olunur.
Hazırda zavodda 37 adda, müxtəlif həcmdə (100 ml – 500 ml) venadaxili dərman məhlullarının (NaCl 0,9%, Ringer, Qlükoza, Metronidazol, Parasetamol və s.) istehsalı həyata keçirilir. İllik 20 milyon litr istehsal gücü daxili bazarın tələbatını tam ödəməklə yanaşı, xarici bazarlara çıxış imkanı yaradır. Artıq bir neçə ölkədə məhsulların qeydiyyatı prosesinə başlanılıb. Müəssisə hər il portfelinə yeni adda dərmanlar əlavə etməyi və yaxın müddətdə kiçik həcmli (ampul) dərman məhlullarının istehsalına başlamağı planlaşdırır.
Qeyd edək ki, 100 nəfərdən artıq işçi heyətinə malik olan “Diamed” dərman istehsalı zavodu Azərbaycan Biznesinin İnkişafı Fondunun həmtəsisçiliyi ilə yaradılıb və Fond ölkə əhəmiyyətli bu istehsal müəssisəsinin fəaliyyətini paylı investisiya və güzəştli kredit mexanizmləri vasitəsilə dəstəkləyir.








