Vitamin D çatışmazlığının gözlənilməz təhlükəsi açıqlandı

SAĞLAMLIQ
17:40 / 09.04.2026
48

Alimlər müəyyən ediblər ki, orta yaşda yüksək vitamin D səviyyəsi beynin uzun illər sonra daha az tau zülalı toplaması ilə əlaqəli ola bilər. Tau zülalı demensiyanın əsas markerlərindən biri sayılır. Bu nəticəyə Qoluey Universitetinin tədqiqatçıları gəlib. 

HİT.az xəbər verir ki, araşdırma “Neurology Open Access (NOA)” jurnalında dərc olunub.

Tau zülalı Alzheimer xəstəliyi də daxil olmaqla neyrodegenerativ xəstəliklərin inkişafında mühüm rol oynayır. Onun beyində toplanması neyronların zədələnməsi və koqnitiv funksiyaların zəifləməsi ilə əlaqələndirilir.

Tədqiqatda demensiyası olmayan 793 nəfər iştirak edib. Onların orta yaşı 39 olub. İştirakçıların qanında vitamin D səviyyəsi ölçülüb, təxminən 16 il sonra isə beyində tau zülalı və beta-amiloid yığılmasını qiymətləndirmək üçün MRT və digər skanlar aparılıb.

Nəticələr göstərib ki, vitamin D səviyyəsi daha yüksək olan (30 nq/ml-dən yuxarı) şəxslərdə orta hesabla beyində daha az tau zülalı toplanıb. Lakin beta-amiloid səviyyəsi ilə əlaqə aşkar edilməyib.

“Bizim nəticələr göstərir ki, orta yaşda yüksək vitamin D səviyyəsi tau zülalının toplanmasından qoruyucu təsir göstərə bilər, onun çatışmazlığı isə potensial risk faktoru ola bilər”, deyə tədqiqatın müəllifi Martin Devid Malliqan bildirib.

Bununla belə, alimlər vurğulayırlar ki, bu nəticələr səbəb-nəticə əlaqəsini deyil, yalnız statistik korrelyasiyanı göstərir. Yaşayış tərzi və digər amillərin nəticəyə təsir etməsi istisna edilmir.

Araşdırma müəllifləri hesab edirlər ki, orta yaş dövrü demensiyanın qarşısının alınması üçün mühüm mərhələdir və risk faktorlarının bu dövrdə tənzimlənməsi daha böyük effekt verə bilər. Gələcək tədqiqatlar nəticələri təsdiqləsə, vitamin D neyrodegenerativ xəstəliklərin riskini azaltmaq üçün əlçatan vasitələrdən biri ola bilər.

Samir
 

0