Müsbət ekoloji şəraitə malik olmayan şəhər mühitində yaşamaq daha az çirklənmiş və daha az stressli mühitlə müqayisədə beynin daha sürətli yaşlanması ilə əlaqəli ola bilər.
HİT.az xəbər verir ki, bu barədə gazeta.ru-ya Honkonq Şəhər Universitetinin təkamül bioloqu, professor Pyotr Lidski məlumat verib.
Onun sözlərinə görə, hər bir şəhər mühiti mütləq şəkildə beyin yaşlanmasını sürətləndirmir, lakin yüksək hava çirkliliyi, səs-küy, istilik, xroniki stress və yaşıllıq sahələrinin azlığı ilə xarakterizə olunan şəhərlərdə bu risk artır.
“PM2.5 kimi incə hissəciklər ilə hava çirklənməsi beynin daha sürətli yaşlanması, həmçinin koqnitiv funksiyaların zəifləməsi və demensiya riskinin, o cümlədən Altsheymer xəstəliyinin artması ilə əlaqələndirilir. Bu hissəciklərin zərərli rolu artıq aydın şəkildə müəyyən edilib”, deyə mütəxəssis bildirib.
PM2.5 diametri 2.5 mikrometrdən kiçik olan hissəciklərdir. Kiçik ölçülərinə görə onlar tənəffüs yollarına daxil olur, qana keçə bilir və sistemli iltihab, oksidativ stress və damar zədələnməsi yaradaraq beyinə də təsir göstərə bilər.
Alimin sözlərinə görə, beynin sürətlə yaşlanması tək bir amildən asılı deyil, əksinə bir neçə faktorun birgə təsiri ilə baş verir: çirkli hava, istilik, səs-küy, yoxsulluq, sosial bərabərsizlik, xroniki stress və yaşıllıq çatışmazlığı. Bu amillərin məcmusu elmi ədəbiyyatda “ekspozom” anlayışı ilə izah edilir.
O əlavə edib ki, mikroplastiklərin orqanizmə daxil olması və aterosklerotik lövhələrdə toplana bilməsi ilə bağlı artıq kifayət qədər sübutlar var. Mikroplastiklərin ürək-damar xəstəlikləri riski ilə əlaqəsi də araşdırılır. Eyni zamanda, bu hissəciklər beyində və onurğa beyni mayesində də aşkarlanıb.
Lakin mütəxəssis vurğulayıb ki, mikroplastiklərin beyin sağlamlığına təsiri hələ PM2.5 kimi çirkləndiricilərdə olduğu qədər dəqiq sübut olunmayıb.
Samir


