Qastroenteroloq Cozef Salhab bağırsaq sağlamlığını yaxşılaşdırmağa kömək edən mühüm məhsulun qoz-fındıq olduğunu bildirib. Onun sözlərinə görə, gündəlik rasionda kiçik dəyişikliklər belə ümumi sağlamlığa əhəmiyyətli təsir göstərə bilər.
HİT.az xəbər verir ki, bu barədə “WP Kobieta” nəşri məlumat yayıb.
Badam, qoz, fındıq, keşyu və pekan kimi məhsullar bağırsaq və ümumi sağlamlıq üçün vacib komponentlərlə zəngindir.
Mütəxəssislərin sözlərinə görə, onların tərkibində olan lif həzm sisteminin fəaliyyətini dəstəkləyir və faydalı bağırsaq bakteriyalarının inkişafına kömək edir. Sağlam mikrobiota isə immun sisteminə müsbət təsir göstərir və bir çox xəstəliklərin yaranmasına səbəb olan xroniki iltihab proseslərini azalda bilər.
Bundan əlavə, qoz-fındıq tərkibində doymamış yağ turşuları saxlayır ki, bu da iltihabın tənzimlənməsinə və maddələr mübadiləsinin yaxşılaşmasına kömək edir. Onların tərkibindəki antioksidantlar hüceyrələri oksidləşdirici stressdən qoruyur və DNT-də baş verə biləcək zədələnmələrin qarşısını alır.
“Bu məhsullarda həmçinin E vitamini, maqnezium və sink mövcuddur. Bu komponentlər orqanizmin bərpasına kömək edir, immun sisteminin normal fəaliyyətini dəstəkləyir və müalicədən sonrakı dövrdə xüsusi əhəmiyyət kəsb edir”, deyə nəşr qeyd edir.
Bununla belə, Cozef Salhab vurğulayıb ki, düzgün qidalanma tibbi müalicəni əvəz etmir, lakin uzunmüddətli perspektivdə orqanizmi dəstəkləyən mühüm amil ola bilər.
Mütəxəssislər daha əvvəl yüksək qan təzyiqi zamanı bəzi qida əlavələrindən uzaq durmağı tövsiyə ediblər. Bu siyahıya acı portağal, biyan kökü ekstraktı və kofein tərkibli əlavələr daxildir.
Bundan başqa, araşdırmalar göstərir ki, avokado və sitrus meyvələri ürək sağlamlığı üçün ən faydalı məhsullar sırasındadır.
Samir


