Hətta az miqdarda alkoqol belə xərçəng riskini artırır

SAĞLAMLIQ
13:05 / 03.06.2026
51

Hətta gündə bir porsiya spirtli içki (təxminən 14 qram etanol) belə müxtəlif onkoloji xəstəliklərin yaranma riskini artıra bilər. Bu nəticəyə ABŞ-ın Səhiyyə göstəriciləri və qiymətləndirmə institutu (IHME) alimləri 843 elmi tədqiqatın meta-analizi əsasında gəliblər. 

HİT.az xəbər verir ki, araşdırmanın nəticələri “Nature Health” jurnalında dərc olunub.

Tədqiqatçılar spirtli içki istehlakı ilə müxtəlif xəstəliklərin yaranma riski arasındakı əlaqəni qiymətləndiriblər. Nəticələr göstərib ki, alkoqol öyrənilən on növ xərçəngin hamısı ilə əlaqəlidir. Bunlara süd vəzi xərçəngi, qida borusu, qaraciyər, mədəaltı vəzi, yoğun bağırsaq və prostat vəzi xərçəngi daxildir.

Alimlər xüsusilə qeyd ediblər ki, risk artımı hətta gündə bir standart porsiyadan az miqdarda alkoqol qəbul edildikdə də müşahidə olunur (təxminən 148 ml-dən az şərab). Bu isə xərçəng riskinin qarşısının alınması baxımından “təhlükəsiz” spirt dozası anlayışını şübhə altına alır.

Xərçənglə yanaşı, alkoqol istehlakı qaraciyər sirrozu, xroniki qaraciyər xəstəlikləri və pankreatit riskinin də artması ilə əlaqələndirilib. Bioloji olaraq bu, etanolun parçalanması zamanı yaranan asetaldehid adlı toksik maddə ilə izah olunur. Bu maddə hüceyrələrin DNT-sini zədələyə və bədxassəli şişlərin yaranmasına səbəb ola bilər. Bundan əlavə, alkoqol oksidativ stressi və xroniki iltihabı gücləndirir ki, bunlar da xərçəngin inkişafında mühüm faktorlar sayılır.

Bəzi digər xəstəliklər üzrə nəticələr daha qarışıq olub. Bir sıra tədqiqatlarda az miqdarda alkoqolun 2-ci tip diabet və demensiya riskini cüzi şəkildə azaltdığı göstərilsə də, istehlak artdıqca bu mümkün müsbət təsir aradan qalxır və ümumi risk yenidən yüksəlir.

Samir
 

0