İranda denqe qızdırması ilə bağlı qeydə alınan yoluxma sayındakı artım səhiyyə qurumlarını hərəkətə keçirib və vəziyyət diqqətlə izlənilir.
Məlumata görə, xəstəliyi yayan ağcaqanad növü artıq regionda müşahidə olunur və əlverişli hava şəraiti bu həşəratın daha sürətli çoxalmasına şərait yaradır. Bu isə virusun yayılma ehtimalını artıran əsas amillərdən biri sayılır.
Maraqlıdır, regionda artan bu yoluxma halları fonunda Denge qızdırmasının Azərbaycanda yayılma riski nə qədər realdır?
Professor, tibbi ekspert Adil Qeybulla Hit.az-a açıqlamasında deyib ki, Denge virus mənşəli infeksion xəstəliklər sırasına daxildir və əsas yayılma yolu kimi canlı vektorlar, xüsusilə ağcaqanadlardır:

“Viruslar zaman keçdikcə mutasiyaya uğrayaraq yeni xüsusiyyətlər qazana bilər. Əgər belə dəyişiklik nəticəsində onların yayılma forması dəyişib hava-damcı yolu ilə ötürülmə mümkünlüyü yaransa, qlobal sağlamlıq üçün daha ciddi risklər doğura bilər. Bu səbəbdən virusların genetik dəyişikliklərinin izlənməsi, yoluxma zəncirinin vaxtında qırılması və yayılmanın məhdudlaşdırılması səhiyyə sistemləri üçün prioritet istiqamətlərdən sayılır”.
Həkim vurğulayıb ki, sözügedən virusun yayılmasının qarşısı alınmağa çalışılır:
“Hazırda bir sıra ölkələrdə, o cümlədən Konqo Demokratik Respublikasında beynəlxalq təşkilatların, xüsusilə Ümumdünya Səhiyyə Təşkilatının dəstəyi ilə karantin rejimləri və nəzarət tədbirləri tətbiq olunur. Məqsəd infeksiya mənbələrinin lokallaşdırılması və xəstəliyin daha geniş ərazilərə yayılmasının qarşısının alınmasıdır”.
Günel Cəlilova


