Bu dərmanları acqarına qəbul etmək olmaz

SAĞLAMLIQ
15:10 / 04.06.2026
55

Böyük Britaniyanın Milli Səhiyyə Xidmətinin (NHS) terapevti Kəsim Əhməd xəbərdarlıq edib ki, şəkərli diabet və ağrıkəsici dərmanlar acqarına qəbul edildikdə ciddi yan təsirlərə səbəb ola bilər. 

HİT.az xəbər verir ki, mütəxəssisin sözlərini "Mirror" nəşri sitat gətirib.

Həkimin sözlərinə görə, qeyri-steroid iltihabəleyhinə preparatlar (NVPİ), o cümlədən ibuprofen, naproksen və aspirin mütləq qida ilə birlikdə qəbul edilməlidir. Bu dərmanlar prostaglandinlərin — iltihab və ağrı proseslərində iştirak edən, eyni zamanda mədə selikli qişasını mədə turşusundan qoruyan maddələrin — istehsalını azaldır. Nəticədə acqarına qəbul edildikdə mədə qıcıqlanması artır, qastrit, mədə yarası və mədə qanaxması riski yüksəlir.

Mütəxəssis həmçinin 2-ci tip şəkərli diabetin müalicəsində geniş istifadə olunan metforminin də acqarına qəbulunun məsləhət görülmədiyini bildirib. Bu halda dərman daha çox mədə-bağırsaq yan təsirləri yarada bilər: ürəkbulanma, ishal, köp və qusma. Buna görə metformin adətən yeməklə birlikdə və ya yeməkdən dərhal sonra qəbul edilir.

Bununla yanaşı, bəzi dərmanlar əksinə acqarına qəbul edilməlidir. Məsələn, qalxanabənzər vəzi xəstəliklərinin müalicəsində istifadə olunan levotiroksin tərkibli preparatlar qida ilə birlikdə qəbul edildikdə zəif sorulur və effektivliyi azalır. Buna görə belə dərmanlar səhər yeməkdən 30–60 dəqiqə əvvəl qəbul edilir.

Mütəxəssis vurğulayıb ki, dərmanların qəbul vaxtı onların təsir mexanizminə və orqanizmdə sorulma xüsusiyyətlərinə bağlıdır. Buna görə müalicəyə başlamazdan əvvəl təlimatlara diqqətlə əməl etmək və həkim göstərişlərinə riayət etmək vacibdir.

Samir

0