Konqo Demokratik Respublikasında qeydə alınan son Ebola epidemiyası yayılma sürətinə görə ölkənin indiyədək üzləşdiyi ən ciddi yoluxma dalğalarından biri hesab olunur.
Artıq bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Fövqəladə Hallar üzrə Operativ Reaksiya Departamentinin rəhbəri Əbdirahman Mahmud açıqlama verib. Onun sözlərinə görə, xəstəliyin qısa müddətdə geniş ərazilərə yayılması beynəlxalq səviyyədə ciddi narahatlıq yaradıb.
Hətta bu yaxınlarda ÜST Konqo Demokratik Respublikası və Uqandada müşahidə olunan Ebola yayılmasını beynəlxalq əhəmiyyətli ictimai səhiyyə fövqəladə vəziyyəti kimi qiymətləndirib. Qeyd edək ki, hazırkı epidemiyaya səbəb olan “Bundibuqio” növünə qarşı hələlik təsdiqlənmiş vaksin və ya xüsusi müalicə vasitəsi mövcud deyil.
Professor, tibbi ekspert Adil Qeybulla Hit.az-a açıqlamasında deyib ki, Ebola ölümcül virus infeksiyalarından biri olmaqla yanaşı, əsasən vəhşi təbiətdə yaşayan bəzi heyvan növləri arasında dövr edir:

“Xəstəliyin təbii rezervuarı yarasaların müəyyən növləridir. İnsanlar isə yoluxmuş heyvanlarla təmas və ya onların ifrazatları ilə çirklənmiş məhsullar vasitəsilə virusa yoluxa bilirlər. Xəstəlik insandan insana keçdikdə yayılma riski daha da artır. Yoluxmuş şəxsin bədən mayeləri ilə birbaşa təmas infeksiyanın ötürülməsində əsas rol oynayır. Bu səbəbdən xəstələrlə təmasda olan şəxslər xüsusi qoruyucu tədbirlərə riayət etməlidirlər”.
Həmsöhbətimiz qeyd edib ki, beynəlxalq səfərlər və insanların intensiv hərəkəti nəzərə alınarsa, Ebola virusunun dünyanın müxtəlif ölkələrinə, o cümlədən Azərbaycana daxil olması istisna edilmir:
“Lakin belə bir vəziyyət yaranarsa, operativ epidemioloji nəzarət tədbirlərinin tətbiqi, yoluxmuş şəxslərin təcrid edilməsi və təmasda olmuş insanların müşahidəyə götürülməsi virusun yayılmasının qarşısını almağa imkan verə bilər”.
Günel Cəlilova


