İnsan zehni ən yüksək funksionallığa 55–60 yaşlarında çatır

SAĞLAMLIQ
18:00 / 10.07.2026
51

İnsanların zehni potensialının ən yüksək səviyyəyə gənclik illərində çatdığı barədə geniş yayılmış fikir yeni araşdırmanın nəticələri ilə tam təsdiqini tapmayıb. 

HİT.az xəbər verir ki, "Intelligence" jurnalında dərc olunan tədqiqata görə, psixoloji funksionallığın zirvəsi təxminən 55–60 yaş aralığında müşahidə olunur.

Araşdırma müəlliflərinin fikrincə, bu dövrdə uzun illər ərzində toplanmış təcrübə, emosional yetkinlik və bilik ehtiyatı gənc yaşlarda üstünlük təşkil edən sürətli düşünmə qabiliyyətini tamamlayır və daha balanslı qərarverməyə imkan yaradır.

Qərbi Avstraliya Universitetinin tədqiqatçıları doqquz müxtəlif qabiliyyət sahəsini təhlil ediblər. Bunlara məntiqi düşünmə, söz ehtiyatı, işçi yaddaş, məlumatın emal sürəti, məsuliyyət hissi, stres altında sakit qala bilmə və emosional sabitlik kimi göstəricilər daxildir.

Alimlər bu xüsusiyyətləri "Koqnitiv-Şəxsiyyət Funksionallığı İndeksi" adlandırılan ümumi göstərici üzrə qiymətləndiriblər. Təhlillər göstərib ki, idrak bacarıqları ilə şəxsiyyət xüsusiyyətlərinin ən əlverişli vəhdəti məhz 55–60 yaşlarında formalaşır.

Tədqiqatda qeyd olunur ki, məlumatın emal sürəti və işçi yaddaş kimi bacarıqlar adətən 20 yaşlarda ən yüksək səviyyədə olur və sonrakı illərdə tədricən zəifləyir. Bunun əvəzində söz ehtiyatı, maliyyə savadlılığı və emosional intellekt kimi xüsusiyyətlər yaş artdıqca inkişaf etməyə davam edir.

Müəlliflər bildirirlər ki, məhz bu amillərin birləşməsi insanların mürəkkəb problemləri həll etməsinə, daha əsaslandırılmış qərarlar qəbul etməsinə və liderlik keyfiyyətlərini daha effektiv nümayiş etdirməsinə şərait yaradır.

Araşdırmada həmçinin vurğulanır ki, yüksək məsuliyyət tələb edən vəzifələrdə, məsələn, rəhbər və ya hakim kimi peşələrdə gec orta yaş dövrü qərarvermə və mühakimə baxımından ən məhsuldar mərhələ hesab oluna bilər.

Bununla belə, tədqiqat müəyyən yaş dövrünün bütün insanlar üçün eyni nəticə verdiyini göstərmir. Alimlər bildirirlər ki, zehni performans həyat tərzi, sağlamlıq vəziyyəti, təhsil və fərdi xüsusiyyətlərdən də əhəmiyyətli dərəcədə asılıdır.

Samir
 

0