Alimlər cinsi yolla da keçən bağırsaq infeksiyası barədə xəbərdarlıq etdi

SAĞLAMLIQ
10:48 / 10.07.2026
47

Böyük Britaniyanın Kembric Universitetinin alimləri və Böyük Britaniya Səhiyyə Təhlükəsizliyi Agentliyinin (UKHSA) mütəxəssisləri qorunmayan cinsi əlaqə zamanı şigellyoz infeksiyasına yoluxma riskinin mövcud olduğunu bildiriblər. 

HİT.az xəbər verir ki, tədqiqatın nəticələri "The Lancet Infectious Diseases" jurnalında dərc olunub.

Araşdırma çərçivəsində 2004–2020-ci illərdə Böyük Britaniyada toplanmış 3514 "Shigella" bakteriyası nümunəsi təhlil edilib. Nəticələr göstərib ki, cinsi yolla ötürülən ştamlar digər ştamlara nisbətən daha sürətlə yayılır.

Alimlərin məlumatına görə, belə ştamlar iki il yarım ərzində orta hesabla 117 kilometr məsafəyə yayıldığı halda, cinsi yolla ötürülməyən infeksiyalarda bu göstərici 46 kilometr olub.

Bundan əlavə, cinsi yolla ötürülən bakteriyaların təxminən 70 faizi ən azı bir klinik əhəmiyyətli antibiotikə qarşı davamlı olub. Digər ştamlar arasında isə bu göstərici təxminən 40 faiz təşkil edib.

Şigella bakteriyaları adətən çirklənmiş qida və ya su vasitəsilə yayılır. Lakin xüsusilə "Shigella sonnei" və "Shigella flexneri" növləri cinsi əlaqə zamanı, əsasən nəcis ilə təmas nəticəsində də ötürülə bilər. Yoluxma halları daha çox kişilərlə cinsi əlaqədə olan kişilər arasında qeydə alınır.

Şigellyozun əsas əlamətlərinə bəzən qan, selik və ya irin qarışığı ilə müşayiət olunan sulu ishal, qarın ağrısı və spazmlar, ürəkbulanma, qusma, yüksək hərarət və güclü halsızlıq daxildir.

UKHSA-nın məlumatına görə, 2025-ci ildə "İngiltərə"də 2560 şigellyoz halı qeydə alınıb. Müqayisə üçün qeyd edək ki, 2023-cü ildə bu göstərici 2052 olub.

Tədqiqat müəllifləri hesab edirlər ki, cinsi yolla ötürülən şigellyoz ictimai sağlamlıq üçün ayrıca təhlükə kimi qiymətləndirilməlidir. Onların fikrincə, bir çox insan bu bağırsaq infeksiyasının cinsi əlaqə zamanı da yoluxa biləcəyindən xəbərsizdir ki, bu da profilaktikanı çətinləşdirir və xəstəliyin daha geniş yayılmasına səbəb olur.

Samir
 

0