Geomaqnit qasırğası nə qədər təhlükəlidir?

SAĞLAMLIQ
10:47 / 14.07.2026
181

Son günlər Günəşdə baş verən fəallıq səbəbindən Yerin maqnit sahəsində dəyişikliklərin müşahidə olunacağı gözlənilir. 

N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının açıqlamasına əsasən, iyulun 13-14-də geomaqnit aktivliyinin G1 (zəif) səviyyəsinə çatacağı proqnozlaşdırılıb.

Bəs maqnit qasırğası nədir? Bu təbiət hadisəsi insan sağlamlığına, rabitə sistemlərinə və gündəlik həyata necə təsir göstərə bilər?

Professor, tibbi ekspert Adil Qeybulla Hit.az-a açıqlamasında deyib ki, geomaqnit qasırğası Günəşdə baş verən intensiv aktivlik nəticəsində formalaşan və Yerin maqnit sahəsinə təsir göstərən təbii kosmik hadisədir: 

404459

“Günəş alışmaları və tac kütlə atılmaları zamanı kosmosa yayılan yüklü hissəciklər Yerə çatdıqda geomaqnit sahəsində müvəqqəti dəyişikliklər baş verir. Bu dəyişikliklər bəzi insanlarda orqanizmin ümumi vəziyyətinə təsir göstərə bilər. Xüsusilə meteohəssas şəxslərdə müxtəlif narahatlıqların yaranma ehtimalı artır”.

Ekspertin dediyinə görə, belə günlərdə arterial təzyiqin dəyişməsi, baş ağrısı, başgicəllənmə, ürəkbulanma, ümumi zəiflik, tez yorulma, oynaq və əzələ ağrıları, ürək nahiyəsində narahatlıq, eləcə də bronxların spazmı kimi hallar müşahidə oluna bilər: 

“Bununla yanaşı, geomaqnit qasırğasının təsiri hər bir insanda eyni olmur. Bəzi insanlar heç bir narahatlıq hiss etmədiyi halda, meteohəssas və xroniki xəstəlikləri olan şəxslər bu dəyişikliklərə daha həssas reaksiya verə bilirlər”.

Günel Cəlilova

0