Kababın pivə ilə birlikdə istehlakı sağlamlıq üçün ciddi risklər yarada bilər.
HİT.az xəbər verir ki, bu barədə qastroenteroloq Olqa Çistik gazeta.ru-ya açıqlamasında bildirib.
Həkimin sözlərinə görə, əsas təhlükələrdən biri purin maddələrinin yüksək miqdarda qəbul edilməsidir. Yağlı qızardılmış ət və pivə purinlərlə zəngindir. Bu maddələr orqanizmdə parçalanaraq sidik turşusuna çevrilir və onların birlikdə qəbulu qanda sidik turşusunun səviyyəsinin kəskin artmasına səbəb olur.
Mütəxəssis qeyd edib ki, bu vəziyyət xüsusilə meyilli şəxslərdə podaqra tutmasını tətikləyə bilər. Adətən ziyafətdən 6–24 saat sonra oynaqda, xüsusən də ayağın baş barmağında güclü ağrı, şişkinlik və qızartı yaranır.
Olqa Çistikin sözlərinə görə, kabab və pivənin birlikdə qəbulu mədəaltı vəzə də ciddi zərbə vurur. Yağlı ətin həzmi üçün çoxlu həzm fermenti ifraz olunur, spirt isə Oddi sfinkterinin spazmına səbəb ola bilər. Nəticədə fermentlər bağırsağa keçə bilmir və mədəaltı vəzin daxilində toplanaraq onun toxumalarını zədələyir. Bu isə kəskin pankreatitə gətirib çıxara bilər.
Həkim bildirib ki, xüsusilə 35–55 yaş arasında olan kişilər arasında belə hallara tez-tez rast gəlinir. Onun sözlərinə görə, bazar günü pivə ilə bol kabab yeyən şəxslər bazar ertəsi səhər güclü qurşaqvari qarın ağrısı, ürəkbulanma və qusma ilə xəstəxanaya müraciət edirlər. Belə xəstələrin 15–20 faizində pankreatit ağır keçir və həyati təhlükə yarada bilər.
Mütəxəssis diqqətə çatdırıb ki, manqalda yanmış ət qabığında əmələ gələn heterosiklik aminlər də sağlamlıq üçün risklidir. Alkoqol mədə və bağırsaq selikli qişasının keçiriciliyini artırdığı üçün bu maddələr daha çox miqdarda qana sorulur. Uzunmüddətli dövrdə belə qidalanma mədə və qida borusu xərçəngi riskini artıra bilər.
Digər problem isə susuzlaşmadır. Pivə sidikqovucu təsir göstərir, eyni zamanda ətin həzmi üçün orqanizmə daha çox maye lazımdır. Bu vəziyyət böyrəklərdə sidik turşusunun konsentrasiyasını artıraraq daş əmələ gəlməsi və böyrək sancısı riskini yüksəldə bilər.
Olqa Çistik riskləri azaltmaq üçün bir neçə tövsiyə verib. Onun sözlərinə görə, hər 0,5 litr pivəyə qarşılıq ən azı 0,5 litr adi su içmək, süfrəyə tərəvəz və çörəklə başlamaq, kabab porsiyaları arasında 15–20 dəqiqə fasilə vermək və ətin yanmış hissələrini kəsib atmaq məqsədəuyğundur.
Həkim əlavə edib ki, kolbasa və hisə verilmiş ət məhsullarını pivə ilə birlikdə qəbul etmək kababdan da daha zərərlidir və belə qidaları eyni vaxtda istehlak etməmək tövsiyə olunur.
Samir


