Təcili tibbi yardımda yeni mərhələ: Motosikletlə operativ müdaxilə

SAĞLAMLIQ
12:20 / 23.07.2026
186

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) təcili tibbi yardım sistemində çevikliyi artırmaq üçün “Ambucycle” adlı yeni xidmət modelini istifadəyə təqdim edib. 

Bu yenilik xüsusilə avtomobil sıxlığının çox olduğu küçə və prospektlərdə, eləcə də günün ən intensiv saatlarında tibbi briqadaların hadisə yerinə daha sürətli çatmasına imkan yaradacaq. “Ambucycle” xidməti ilkin olaraq pilot layihə çərçivəsində yalnız Bakı şəhərində fəaliyyət göstərəcək və tətbiqin nəticələrinə uyğun olaraq gələcəkdə əhatə dairəsinin genişləndirilməsi nəzərdən keçiriləcək.

Nəqliyyat eksperti Adil Nəbiyev Hit.az-a açıqlamasında bildirib ki, “Ambucycle” xidmətinin tətbiqi iri şəhərlərdə təcili tibbi yardımın təşkili baxımından müasir və səmərəli yanaşmadır:

405401

“Paytaxtda nəqliyyatın həddindən artıq yükləndiyi vaxtlarda təcili yardım briqadalarının çağırış ünvanına qısa müddətdə çatması hər zaman mümkün olmur. Yol hərəkətinin iflic olduğu saatlarda xüsusi təyinatlı avtomobillər də digər nəqliyyat vasitələri kimi hərəkət məhdudiyyəti ilə üzləşir. 

Bəzi təcili tibbi hallarda saniyələr belə həlledici rol oynayır. Ürək fəaliyyətinin dayanması, insult, ağır xəsarətlər, kəskin qan itirmə və tənəffüs çatışmazlığı zamanı gecikən müdaxilə xəstənin vəziyyətini daha da ağırlaşdıra bilər”.

Onun sözlərinə görə, motosikletlə fəaliyyət göstərən tibbi heyətin əsas üstünlüyü hadisə yerinə ən qısa marşrutla və maneələri daha rahat aşaraq çatmaq imkanıdır: 

“Bu isə ilkin tibbi yardımın gecikmədən göstərilməsinə şərait yaradır. Motosikletlər dar küçələrdə, sıx yaşayış məntəqələrində və avtomobil axınının intensiv olduğu ərazilərdə daha çevik hərəkət etdiyindən operativlik baxımından mühüm üstünlük qazanır”.

Mütəxəssis hesab edir ki, bu model təkcə çağırışlara reaksiya müddətini azaltmır, həm də fövqəladə vəziyyətlərdə insanların sağ qalma ehtimalını yüksəldən, təcili tibbi yardım sisteminin effektivliyini artıran mühüm yeniliklərdən biridir.

Günel Cəlilova

0