Çimərlikdə satılan şirniyyatların zərərləri: Ən yaxşını necə seçmək olar?

SAĞLAMLIQ
21:35 / 24.07.2026
41

Yay aylarında çimərliklərdə və parklarda istirahət edənlər tez-tez pambıq şəkər, ponçik, buzlu şirin içkilər və yumşaq dondurma kimi küçə təamlarına üstünlük verirlər. 

HİT.az xəbər verir ki, "Daily Mail" nəşri bu məhsulların sağlamlığa təsiri ilə bağlı nutrisioloq Sara Ottonun fikirlərini təqdim edib.

Pambıq şəkər

Sara Otto pambıq şəkəri "ən dürüst" küçə şirniyyatı adlandırır. Onun sözlərinə görə, bu məhsul özünü başqa bir şey kimi göstərmir – sadəcə şəkər və havadan ibarətdir.

Mütəxəssis bildirir ki, adi bir porsiyada təxminən 25–30 qram şəkər olur və bu, tamamilə sadə şəkərdir. Məhsulun tərkibində lif, vitamin və digər faydalı qida maddələri yoxdur. Bundan əlavə, çəhrayı və ya mavi rəngli pambıq şəkərlərdə sintetik boyaq maddələri də istifadə olunur.

Qızardılmış ponçiklər

Nutrisioloqun sözlərinə görə, qaynar yağda bişirilən və üzərinə şəkər tozu səpilən ponçiklər bağırsaq sağlamlığı üçün ən arzuolunmaz məhsullardan biridir.

O qeyd edir ki, bu məhsullar rafinə olunmuş ağ undan hazırlanır, tərkibində lif demək olar ki, yoxdur və çox vaxt dəfələrlə istifadə olunmuş yağda qızardılır. Təkrar qızdırılan yağlarda yaranan oksidləşmiş yağlar isə orqanizmdə iltihabi proseslərlə əlaqələndirilir.

Sara Otto xüsusilə köp və həzm problemlərindən əziyyət çəkən insanlara bu məhsullardan uzaq durmağı tövsiyə edir.

Buzlu şirin içkilər

Meyvə siropu ilə hazırlanan buzlu içkilər də sağlam seçim hesab edilmir.

Ekspert bildirir ki, bu içkilər əsasən şəkər, süni dadlandırıcı və boyaq maddələrindən ibarətdir. Maye şəkər isə bərk qidalardakı şəkərdən daha sürətlə sorulduğu üçün qanda şəkərin səviyyəsini kəskin artırır.

Onun fikrincə, belə içkiləri ev şəraitində hazırlanmış meyvəli smuzi ilə əvəz etmək daha məqsədəuyğundur. Bu cür içkilər həm sərinləşdirir, həm də vitamin və liflə zəngin olur.

Yumşaq dondurma

Sara Otto hesab edir ki, yumşaq dondurma göründüyü qədər zərərsiz deyil.

Onun sözlərinə görə, bu məhsullarda yüksək miqdarda şəkərlə yanaşı, emulqatorlar və stabilizatorlar da olur. Bəzi tədqiqatlar bu maddələrin bağırsaq selikli qişasına və mikrofloranın tarazlığına mənfi təsir göstərə biləcəyini göstərir.

Ekspert əlavə edir ki, şokolad qırıntıları və digər şirin əlavələr məhsulun şəkər və ultra emal olunmuş komponentlərinin miqdarını daha da artırır.

Nutrisioloqun fikrincə, isti havalarda dondurulmuş desert seçərkən meyvəli sorbe və ya kokos südü əsasında hazırlanmış dondurma bağırsaq sağlamlığı üçün daha uyğun alternativ hesab oluna bilər.

Samir
 

0