Qulaqcıqlardan eşitməyə zərər vermədən necə istifadə etmək olar?

SAĞLAMLIQ
22:17 / 27.07.2026
43

Müasir insan gün ərzində saatlarla qulaqcıqdan istifadə edir və çox vaxt bunun eşitmə qabiliyyətinə necə təsir etdiyini düşünmür. 

Hit.az xəbər verir ki, "Big Sky Audiology" klinikalar şəbəkəsinin həkimləri qulaqcıqların eşitməyə təsiri və onlardan düzgün istifadə qaydaları barədə məlumat veriblər.

Qulaqcıqlar eşitməyə necə təsir edir?

Mütəxəssislərin sözlərinə görə, qulaqcıqların eşitməyə zərər verib-verməməsi ilk növbədə istifadə qaydasından, xüsusilə də səs səviyyəsindən asılıdır. Müasir qulaqcıqlar 105–110 desibel (dB) səviyyəsində səs çıxara bilir. Halbuki 85 dB-dən yüksək səsə uzun müddət məruz qalmaq artıq eşitmə üçün potensial təhlükə hesab olunur.

ABŞ Milli Əməyin Mühafizəsi İnstitutunun rəsmi tövsiyələrinə əsasən, səs səviyyəsi hər 3 dB artdıqda təhlükəsiz dinləmə müddəti təxminən iki dəfə azalır.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, 80 dB səviyyəsində musiqini həftədə təxminən 40 saat təhlükəsiz dinləmək mümkündür. Səs səviyyəsi 90 dB olduqda isə bu müddət təxminən 4 saata enir.

Alimlər bildirirlər ki, yüksək səs daxili qulaqdakı həssas tükcüklü hüceyrələrin məhvinə səbəb olur. Bu hüceyrələr bərpa olunmadığı üçün səs-küydən yaranan eşitmə itkisi geri dönməz hesab edilir.

Hansı qulaqcıqlar daha təhlükəsizdir?

Ən təhlükəsiz seçim, adətən, aktiv səsboğma funksiyasına malik tamölçülü qulaqüstü qulaqcıqlar hesab olunur. Onlar xarici səsləri daha yaxşı izolyasiya etdiyi üçün istifadəçi musiqini daha aşağı səs səviyyəsində dinləyə bilir.

Ən böyük risk isə qulaq kanalının daxilinə yerləşdirilən qulaqdaxili qulaqcıqlarla bağlıdır. Bu tip qulaqcıqlar yüksək səsin təsirini artırmaqla yanaşı, dərinin qıcıqlanmasına, nəmliyin yığılmasına və qulaq kirinin toplanmasına da səbəb ola bilər.

Digər risklər

Məqalədə vurğulanır ki, təhlükə yalnız yüksək səsdən ibarət deyil. "Manipal" Universitetinin araşdırmasına görə, qulaqcıqların uzun müddət istifadəsi qulaq kanalında isti və rütubətli mühit yaradır ki, bu da bakteriyaların sürətlə çoxalmasına şərait yaradır. Bu risk xüsusilə yay aylarında və idman zamanı artır.

İltihab riskini azaltmaq üçün mütəxəssislər aşağıdakı qaydalara əməl etməyi tövsiyə edirlər:

* Qulaqcıqların yastıqcıqlarını və silikon uclarını mütəmadi olaraq antiseptik vasitələrlə təmizləyin.
* Başqasına məxsus qulaqcıqlardan istifadə etməyin.
* Hər 60 dəqiqədən bir fasilə verin.

Həkimlər, həmçinin, "60/60 qaydası"na riayət etməyi tövsiyə edirlər. Bu qaydaya əsasən, səs səviyyəsi cihazın maksimum gücünün 60 faizini keçməməli və fasiləsiz dinləmə müddəti 60 dəqiqədən artıq olmamalıdır.

Qulaq ağrısı nəyin əlaməti ola bilər?

Əgər qulaqcıqdan istifadə zamanı qulaqda ağrı, küy, tutulma hissi, qaşınma yaranır və ya musiqini eşitmək üçün səsi getdikcə artırmaq ehtiyacı hiss olunursa, bu, eşitmə zədələnməsinin və ya iltihabın erkən əlaməti ola bilər.

Belə hallarda mütəxəssislər bir neçə gün qulaqcıqdan istifadəni dayandırmağı və otorinolarinqoloqa və ya audioloqa müraciət etməyi məsləhət görürlər.

Həkimlərin fikrincə, orta səviyyədə səsdən istifadə etmək, müntəzəm fasilələr vermək və gigiyena qaydalarına riayət etmək gündəlik qulaqcıq istifadəsi zamanı belə eşitmə problemlərinin riskini əhəmiyyətli dərəcədə azalda bilər.

Samir
 

0