Qan təzyiqini aşağı salmağa kömək edən 11 məhsul

SAĞLAMLIQ
19:40 / 27.07.2026
44

Yüksək qan təzyiqi vaxtından əvvəl ölüm riskinin artması ilə birbaşa əlaqəlidir. Buna görə də hipertoniyaya meyilli insanlar sağlamlıqlarına xüsusi diqqət yetirməlidirlər. Bir çoxları qan təzyiqini tez aşağı salan məhsulun hansı olduğunu bilmək istəyir. Lakin mütəxəssislər bildirirlər ki, belə "möcüzəvi qida" yoxdur və düzgün qidalanma dərman müalicəsini tam əvəz edə bilməz. Bununla belə, qidalanma vərdişlərinin dəyişdirilməsi ürək-damar sağlamlığı üçün mühüm əhəmiyyət daşıyır.

Hit.az xəbər verir ki, "Prevention" nəşri sertifikatlı diyetoloq və kardioloqlara istinadən ürək üçün ən faydalı məhsulların siyahısını dərc edib. Ekspertlərin sözlərinə görə, qidalanma qan təzyiqinə ciddi təsir göstərir. Məsələn, duz təzyiqi artırır, meyvə və tərəvəzlər isə onu nəzarətdə saxlamağa kömək edir.

Hipertoniya zamanı tətbiq olunan pəhriz kalium, kalsium, maqnezium, lif və zülalla zəngin məhsulların qəbulunu tövsiyə edir. Mütəxəssislər bildirirlər ki, bu məhsulların müntəzəm istifadəsi təxminən üç ay ərzində müsbət nəticə verə bilər.

1. Yağsız yoqurt

Yağsız süd məhsulları kalsium və zülalla zəngindir, eyni zamanda ürəyə zərərli doymuş yağları az ehtiva edir. Təxminən 340 qramlıq porsiya gündəlik kalsium ehtiyacının 30%-ni təmin edir. Dietoloqlar yoqurtu yulaf, badam və giləmeyvə ilə birlikdə yeməyi tövsiyə edirlər.

2. Giləmeyvələr

"Nutrients" jurnalında dərc olunan araşdırmaya görə, albalı, qaragilə və moruq qan təzyiqinin azalmasına kömək edə bilər. Bu meyvələr qan dövranını yaxşılaşdıran azot oksidinin yaranmasını dəstəkləyən maddələrlə zəngindir.

3. Yarpaqlı göyərtilər

İspanaq, rukola, manqold, "kale" kələmi və "romaine" kahısı yüksək qan təzyiqi zamanı xüsusilə faydalıdır. Onların tərkibindəki kalium və maqnezium ürək sağlamlığını dəstəkləyir.

4. Sarımsaq

ABŞ Milli Səhiyyə İnstitutunun məlumatına görə, sarımsağın tərkibindəki allisin qan təzyiqinin azalmasına kömək edə bilər. Mütəxəssislər sarımsağın təzə halda qəbul edilməsini tövsiyə edirlər.

5. Batat

Şirin kartof lif, kalium və maqneziumla zəngindir. "Food Bioscience" jurnalında dərc olunan araşdırmaya əsasən, batatın daxil olduğu qidalanma həm qan təzyiqini, həm də qanda şəkərin səviyyəsini nəzarətdə saxlamağa kömək edə bilər.

6. Yulaf sıyığı

Avropa Qidalanma Jurnalının məlumatına görə, tam dənli yulaf sıyığı qan təzyiqini və "pis" xolesterini azaltmağa, həmçinin çəkinin idarə olunmasına kömək edir.

7. Yağlı balıq

Qızılbalıq və skumbriya omeqa-3 yağ turşuları və D vitamini ilə zəngindir. Bu məhsullar ürək-damar sistemi üçün faydalı olmaqla yanaşı, keyfiyyətli zülal mənbəyidir.

8. Avokado

Bir ədəd avokado qadınlar üçün gündəlik kalium ehtiyacının təxminən 32%-ni təmin edir. Kalium arterial təzyiqin tənzimlənməsində mühüm rol oynayır.

9. Kinoa

Mütəxəssislər kinonu ən qidalı dənli bitkilərdən biri hesab edirlər. Kinoa ilə zəngin pəhrizin hipertoniya və 2-ci tip diabetlə mübarizədə faydalı ola biləcəyi bildirilir.

10. Brokkoli və gül kələmi

Bu tərəvəzlər qan təzyiqinin azalmasına kömək edən əsas qida maddələrini ehtiva edir. Onların rasiona daha çox daxil edilməsi tövsiyə olunur.

11. Balqabaq tumu

Balqabaq tumu maqneziumla zəngindir. Təxminən 50 qramı gündəlik maqnezium ehtiyacının yarısını ödəyə bilir. Mütəxəssislər onu duzsuz şəkildə qəbul etməyi məsləhət görürlər, çünki artıq duz qan təzyiqini yüksəldir.

Samir
 

0