Gənclər arasında infarkt həyəcanı: Dörd ildə halların sayı 66 faiz artıb

SAĞLAMLIQ
23:13 / 28.07.2026
53

Uzun illər əsasən yaşlı insanların xəstəliyi hesab edilən miokard infarktı artıq gənc yetkinlər arasında da daha tez-tez müşahidə olunur. 

HİT.az xəbər verir ki, ABŞ Milli Səhiyyə Statistikası Mərkəzinin məlumatına görə, 18–44 yaş qrupunda infarkt keçirənlərin payı 2019-cu ildə 0,3 faiz olduğu halda, 2023-cü ildə 0,5 faizə yüksəlib. Bu isə dörd il ərzində təxminən 66 faizlik artım deməkdir.

Kardioloq Mehmet Hamidi bildirib ki, artıq 20–30 yaşlarında olan şəxslər də ciddi ürək-damar problemləri ilə xəstəxanalara müraciət edirlər. Onun sözlərinə görə, gənc yaş ürək xəstəliklərindən tam qorunma demək deyil.

Həkim vurğulayıb ki, piylənmə, şəkərli diabet, yüksək arterial təzyiq, yüksək xolesterin, siqaret çəkmək və hərəkətsiz həyat tərzi damarların erkən yaşlarda zədələnməsinə səbəb ola bilər. "Amerika Ürək Assosiasiyası" da yüksək qan təzyiqi, piylənmə, yüksək xolesterin və 2-ci tip diabet kimi risk amillərinin artıq gənc yaşlarda müşahidə olunduğunu bildirir.

İnfarkt kişilər arasında daha çox rast gəlinməsinə baxmayaraq, gənc qadınlarda da riskin nəzərdən qaçırılmaması vacibdir. Qadınlarda döş qəfəsində təzyiq hissi ilə yanaşı, nəfəs darlığı, ürəkbulanma, bel, boyun və çənə nahiyəsində ağrılar da infarktın əlaməti ola bilər. Bu şikayətlərin digər xəstəliklərlə qarışdırılması diaqnozun gecikməsinə səbəb ola bilər.

Mütəxəssislər "COVID-19" infeksiyasının ürək-damar sisteminə uzunmüddətli təsirlərini araşdırmağın davam etdiyini bildirirlər. ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin (CDC) məlumatına görə, infeksiyadan sonra ürək problemlərinin yaranma riski "COVID-19" peyvəndindən sonrakı riskdən daha yüksəkdir.

Mehmet Hamidi infarktdan qorunmaq üçün gənc yaşlardan etibarən arterial təzyiqin, qanda şəkərin və xolesterin səviyyəsinin mütəmadi yoxlanılmasını tövsiyə edib. Sağlam qidalanma, müntəzəm fiziki aktivlik, siqaretdən uzaq durmaq, normal bədən çəkisini qorumaq və kifayət qədər yatmaq ürək sağlamlığını qorumağın əsas yolları hesab olunur.

Xüsusilə ailəsində erkən yaşlarda ürək xəstəliyi olan şəxslərin mütəmadi tibbi müayinələri laqeyd yanaşmaması tövsiyə edilir. Döş qəfəsində ağrı, nəfəs darlığı, ürəkdöyünmə, səbəbi bilinməyən halsızlıq və ya fiziki dözümlülüyün azalması kimi əlamətlər müşahidə olunduqda isə vaxt itirmədən tibb müəssisəsinə müraciət etmək vacib sayılır.

Samir
 

0