Qəhvə və yaşıl çay arıqlamaq istəyənlər arasında ən populyar içkilərdən hesab olunur. Hər iki içki aşağı kalorili olmaqla yanaşı, maddələr mübadiləsinə də müsbət təsir göstərir.
HİT.az xəbər verir ki, "EatingWell" nəşrinin yazdığına görə, hər iki içki sağlam qidalanmanın tərkib hissəsi ola və bədən çəkisinin idarə olunmasına kömək edə bilər. Lakin dietoloqların fikrincə, onlardan biri cüzi üstünlüyə malikdir.
Dietoloq Coanna Kats bildirib ki, qəhvənin əsas üstünlüyü tərkibindəki yüksək kofein miqdarı ilə bağlıdır. Bundan əlavə, qəhvədə maddələr mübadiləsinin və qanda şəkərin səviyyəsinin tənzimlənməsində rol oynaya bilən xlorogen turşusu adlı polifenol da mövcuddur.
Araşdırmalar göstərib ki, kofeinin orta səviyyədə qəbulu bədən çəkisinin və piy toxumasının cüzi azalması ilə əlaqələndirilir. Xüsusilə həftədə təxminən 1–7 fincan qəhvə içilməsi ümumi və visseral piylərin azalması ilə əlaqəli olub.
Tədqiqatlar həmçinin göstərib ki, qəhvə piy hüceyrələrinin böyüməsini ləngidə və bağırsaq mikroflorasının sağlamlığını dəstəkləyə bilər.
Bununla belə, daha çox qəhvə içmək əlavə fayda verməyib. Kofeinsiz qəhvədə isə oxşar təsir müşahidə olunmayıb.
Mütəxəssislər qeyd edirlər ki, qəhvəyə şəkər, şirin siroplar, qaymaq və digər yüksək kalorili əlavələrin əlavə edilməsi onun mümkün faydalarını aradan qaldıra bilər.
Bu səbəbdən bədən çəkisini nəzarətdə saxlamaq istəyənlər üçün ən yaxşı seçim şəkərsiz qara qəhvə hesab olunur.
Yaşıl çay arıqlamağa kömək edirmi?
Yaşıl çay da bir sıra faydalı xüsusiyyətlərə malikdir. Onun tərkibində katexinlər və kofein var. Bu maddələr enerji sərfiyyatını cüzi artırmağa, yağların parçalanmasını stimullaşdırmağa, iştahanı azaltmağa və bağırsaqlarda yağların sorulmasını müəyyən qədər məhdudlaşdırmağa kömək edə bilər.
Lakin ekspertlərin sözlərinə görə, araşdırmalarda nəzərəçarpan nəticələr adətən yalnız ən azı səkkiz həftə ərzində hər gün 3–4 fincan dəmlənmiş yaşıl çay içən insanlarda müşahidə olunub.
Bundan əlavə, yaşıl çay qazlı şirin içkilər və meyvə şirələri üçün sağlam alternativ hesab olunur. Belə əvəzləmə gündəlik kalori qəbulunu ciddi məhdudiyyətlər olmadan azaltmağa imkan verir.
Coanna Katsın fikrincə, yalnız arıqlama baxımından seçim edilərsə, yüksək kofein tərkibinə görə şəkərsiz qara qəhvə cüzi üstünlüyə malikdir. Bununla yanaşı, iki içki arasındakı fərq böyük deyil.
Ekspertlər vurğulayırlar ki, bədən çəkisinin azalmasında əsas rolu ayrı-ayrı məhsullar və ya içkilər deyil, ümumi həyat tərzi oynayır. Davamlı nəticə əldə etmək üçün balanslaşdırılmış qidalanmaq, müntəzəm fiziki aktivliklə məşğul olmaq, kifayət qədər yatmaq, stressi idarə etmək və şirin içkilərin əvəzinə su, şəkərsiz qəhvə və ya yaşıl çay seçmək tövsiyə olunur.
Samir


