Qanda şəkəri və iştahanı nəzarətdə saxlamaq üçün nə yemək lazımdır?

SAĞLAMLIQ
21:55 / 28.07.2026
43

Qanda şəkərin yüksək olması və artıq çəki ilə mübarizə aparan insanların tez-tez üstünlük verdiyi bitkilərdən biri ağ tutdur. Araşdırmalar göstərir ki, ağ tut qidalanmadan sonra qanda qlükoza səviyyəsinə təsir göstərə bilər. Bununla yanaşı, onun istifadəsi ilə bağlı əks-göstərişlər də mövcuddur. 

HİT.az xəbər verir ki, bu barədə "Rynek Zdrowia" nəşri yazıb.

Niyə ağ tut diqqət çəkir?

Ağ tut uzun illərdir müalicəvi məqsədlərlə istifadə olunan bitkidir. Hazırda alimlər onun əsasən qlükoza və lipid mübadiləsinə təsirini araşdırırlar.

Məqalədə qeyd olunur ki, ağ tutun yarpaqları və meyvələri tərkibində DNJ (1-dezoksinoirimisin) adlı maddə saxlayır. Bu maddə həzm sistemində karbohidratların parçalanmasını ləngidir. Məhz bu xüsusiyyət ağ tutu 2-ci tip şəkərli diabet və insulinə qarşı müqaviməti (insulinrezistentlik) olan insanlar üçün maraqlı edir.

DNJ nişastanın parçalanmasına cavabdeh olan fermentlərin fəaliyyətini zəiflədir və bunun nəticəsində yeməkdən sonra qanda şəkərin kəskin yüksəlməsinin qarşısını almağa kömək edir.

2007-ci ildə "Diabetes Care" jurnalında dərc olunmuş araşdırmada ağ tut ekstraktı qəbul edən şəxslərdə saxaroza qəbulundan sonra qlükoza səviyyəsinin plasebo qrupuna nisbətən əhəmiyyətli dərəcədə aşağı olduğu müəyyən edilib. Eyni zamanda bu təsir insulin səviyyəsinin artması ilə müşayiət olunmayıb ki, bu da insulinrezistentliyi olan insanlar üçün mühüm əhəmiyyət kəsb edə bilər.

Arıqlama və xolesterinin azaldılması

Artıq çəki ilə mübarizə aparan insanlar iştahanı azaltmaq və karbohidratların sorulmasını zəiflətmək məqsədilə tez-tez ağ tut tərkibli əlavələrdən istifadə edirlər.

Məqalədə bildirilir ki, heyvanlar üzərində aparılan tədqiqatlarda ağ tut yarpağı əlavələrinin bədən çəkisini azaltdığı müşahidə olunub. İnsanlar üzərində aparılan araşdırmaların sayı az olsa da, bir çox iştirakçı ekstraktın müntəzəm istifadəsindən sonra aclıq hissinin azaldığını bildirib.

Ağ tut yarpaqları həmçinin iltihabəleyhinə və antioksidant xüsusiyyətlərə malik flavonoidlərlə zəngindir. Bu maddələr sinir hüceyrələrinin qorunmasına və damar dəyişikliklərinin qarşısının alınmasına kömək edə bilər.

Araşdırmalar göstərib ki, ağ tut ekstraktı "Staphylococcus aureus" və "Salmonella" kimi bəzi bakteriyaların inkişafını da zəiflədə bilir.

Bundan əlavə, ağ tut LDL ("pis") xolesterinin oksidləşməsini azaltmağa kömək edir ki, bu da aterosklerotik lövhələrin yaranma riskini azalda bilər. Onun həmçinin yüngül qan təzyiqi salıcı təsir göstərdiyi bildirilir. Buna görə də ürək-damar xəstəliklərinin profilaktikasında təbii vasitələrdən biri kimi qiymətləndirilir.

Ağ tutdan istifadə zamanı ehtiyatlı olmaq lazımdır

Ağ tut əlavələri hər kəs üçün uyğun deyil. Onun aşağıdakı şəxslər tərəfindən istifadəsi tövsiyə olunmur:

* hamilə qadınlar;
* süd verən analar;
* qanda şəkəri azaldan dərmanlar qəbul edən şəxslər, çünki bu halda qanda şəkərin həddindən artıq enməsi riski yarana bilər.

Yüksək dozada qəbul edildikdə isə bəzi insanlarda meteorizm, ishal və ya qəbizlik kimi həzm sistemi pozğunluqları müşahidə oluna bilər.

Qeyd edək ki, daha əvvəl mütəxəssislər yatmazdan əvvəl hansı qidaların qəbulunun uzun müddət toxluq hissi yaratdığını və çəki artımına səbəb olmadığını açıqlamışdılar. Həkimlər həmçinin böyrəklərin sağlamlığını qorumaqda mühüm rol oynayan əsas qida maddələrindən birinin kalium olduğunu bildirmişdilər.

Samir
 

0