Həkimdən xəbərdarlıq: Hepatit B və C sirrozla qaraciyər xərçənginə səbəb ola bilər

SAĞLAMLIQ
20:20 / 29.07.2026
50

Dünyada 300 milyondan çox insanın "Hepatit B" və "Hepatit C" viruslarına yoluxduğu təxmin edilir. Uzun müddət heç bir əlamət vermədən inkişaf edən virus hepatitləri vaxtında aşkar olunub müalicə edilmədikdə sirroz və qaraciyər xərçəngi kimi ağır fəsadlara səbəb ola bilər.

HİT.az xəbər verir ki, infeksion xəstəliklər və klinik mikrobiologiya üzrə mütəxəssis dosent Hüsrəv Diktaşın sözlərinə görə, qaraciyərin iltihabı mənasını verən hepatitin ən geniş yayılmış səbəbləri "Hepatit A", "Hepatit B" və "Hepatit C" viruslarıdır.

Onun sözlərinə görə, müasir tibbdə həm qorunma, həm də müalicə baxımından mühüm imkanlar mövcuddur.

"Hepatit B" peyvənd vasitəsilə qarşısı alına bilən xəstəlikdir, "Hepatit C" isə effektiv dərman preparatları ilə tam müalicə oluna bilir", – deyə mütəxəssis vurğulayıb.

Dosent Diktaş qeyd edib ki, yeni doğulan uşaqlara tətbiq edilən "Hepatit B" peyvəndi xəstəliyin yayılmasını əhəmiyyətli dərəcədə azaldıb. O, virus hepatitlərinə qarşı mübarizədə skrininq müayinələrinin genişləndirilməsinin də həyati əhəmiyyət daşıdığını bildirib.

Mütəxəssisin sözlərinə görə, "Hepatit B" virusuna qarşı immuniteti olmayan şəxslərin peyvənd olunması, "Hepatit C" infeksiyası aşkarlanan xəstələrin isə vaxt itirmədən müalicəyə başlaması həm xəstəliyin irəliləməsinin, həm də virusun yayılmasının qarşısını almağa kömək edir.

Dosent Diktaş "Hepatit B" və "Hepatit C" viruslarının yoluxma yollarının oxşar olduğunu xatırladaraq gigiyena qaydalarına ciddi əməl edilməsinin vacibliyini vurğulayıb.

Onun sözlərinə görə, hazırda donor qanı və qan məhsulları mütəmadi yoxlanıldığı üçün bu yolla yoluxma riski xeyli azalıb. Bununla belə, virus anadan körpəyə keçə, qorunmayan cinsi əlaqə zamanı, eləcə də gigiyena normalarına əməl olunmayan manikür, pedikür, döymə və qulaq deşdirmə kimi prosedurlar vasitəsilə yayıla bilər.

Mütəxəssis bu səbəbdən belə xidmətlər üçün yalnız etibarlı və sanitariya qaydalarına riayət edən müəssisələrin seçilməsini, qoruyucu tədbirlərin isə heç vaxt laqeyd qoyulmamasını tövsiyə edib.

Samir
 

0