Antidepressantlardan istifadə ilə bağlı cəmiyyətdə çoxsaylı yanlış təsəvvürlər mövcuddur. Mütəxəssislər bildirirlər ki, bu preparatlar asılılıq yaratmır. Lakin onları həkim nəzarəti olmadan qəbul etməyə başlamaq və ya müalicəni qəfil dayandırmaq ciddi fəsadlara səbəb ola bilər. Onların fikrincə, davamlı sağalma üçün dərman müalicəsi ilə psixoterapiyanın birlikdə aparılması böyük əhəmiyyət daşıyır.
HİT.az xəbər verir ki, psixi sağlamlıq problemləri çox vaxt iradəsizlik və ya xarakter zəifliyi kimi qiymətləndirilsə də, mütəxəssislər beynin də digər orqanlar kimi xəstələnə biləcəyini vurğulayırlar. Əgər psixoloji narahatlıq həftələrlə davam edir, yuxu və iştahanı pozur, insanın gündəlik fəaliyyətinə mane olursa, peşəkar tibbi yardım almaq tövsiyə olunur.
Psixiatr Müge Yaşar antidepressantlarla bağlı geniş yayılmış yanlış fikirlərə aydınlıq gətirib.
Mütəxəssis qeyd edib ki, psixoloji problemlər yaşayan insanlara "özünü ələ al" və ya "bir az iradəli ol" demək düzgün yanaşma deyil:
"Təzyiqi yüksələn insana "iradənlə təzyiqini aşağı sal", yaxud şəkərli diabet xəstəsinə "iradənlə insulin ifraz et" demirik. Beyin də digər orqanlar kimi bioloji orqandır. Onun kimyəvi tarazlığı pozulduqda bunu yalnız iradə hesabına aradan qaldırmaq mümkün deyil. Fiziki xəstəlik üçün dərman qəbul etməklə psixi xəstəlik üçün dərman qəbul etmək arasında tibbi baxımdan heç bir fərq yoxdur".
Onun sözlərinə görə, kədər və yas hissi təbiidir və hər emosional çətinlik dərman müalicəsi tələb etmir. Ancaq bu vəziyyət uzun müddət davam edirsə və insanın həyat keyfiyyətini aşağı salırsa, tibbi müdaxilə zəruridir.
Müge Yaşar bildirib ki, antidepressantları narkotik maddələr və ya sakitləşdirici preparatlarla qarışdırmaq olma:
"Qəti şəkildə deyə bilərəm ki, antidepressantlar asılılıq yaratmır. Bu preparatlardan istifadə edən insan dozanı daim artırmaq ehtiyacı hiss etmir. Dərmanın təsiri ağrıkəsicilər kimi dərhal başlamır. Beyin hüceyrələrinin sağlam əlaqələri bərpa etməsi adətən 2–6 həftə çəkir".
Psixiatrın sözlərinə görə, müalicəni qəfil dayandırmaq başgicəllənmə, narahatlıq və digər əlamətlərlə müşayiət olunan "kəsilmə sindromu"na səbəb ola bilər. Bu isə asılılıq deyil, orqanizmin qəfil dəyişikliyə verdiyi reaksiyadır. Buna görə də dərmanlar yalnız həkimin nəzarəti altında və mərhələli şəkildə dayandırılmalıdır.
O əlavə edib ki, müalicənin ilk həftələrində müşahidə oluna bilən ürəkbulanma kimi yan təsirlər əksər hallarda 1–2 həftə ərzində orqanizmin uyğunlaşması ilə aradan qalxır.
Müge Yaşar bildirib ki, geniş yayılmış fikrin əksinə olaraq, standart depressiya hallarında ömürboyu antidepressant qəbuluna ehtiyac olmur.
Onun sözlərinə görə, sağalma əldə edildikdən sonra adətən 6–12 ay davam edən qoruyucu müalicə aparılır və daha sonra preparatlar mərhələli şəkildə dayandırılır. Yalnız xüsusi klinik hallarda uzunmüddətli istifadə tələb oluna bilər.
Mütəxəssis vurğulayıb ki, ən yaxşı nəticə dərman müalicəsinin psixoterapiya ilə birlikdə tətbiq edildiyi hallarda əldə olunur.
"Dərman evdəki yanğını söndürür, psixoterapiya isə həmin evin yenidən yanmaması üçün sizə necə davranmağı öyrədir. Ən davamlı və güclü sağalma bu iki yanaşmanın birlikdə tətbiq edildiyi zaman müşahidə olunur", deyə o qeyd edib.
Samir


