Bəzi hallarda yay aylarında da D vitamininin əlavə qəbuluna ehtiyac yarana bilər, çünki orqanizm onu həmişə kifayət qədər sintez edə bilmir.
HİT.az xəbər verir k, bu barədə endokrinoloq Natalya Tananakina "Gazeta.Ru"ya bildirib.
Həkimin sözlərinə görə, D vitamini dəridə ultrabənövşəyi şüaların təsiri altında sintez olunsa da, bu, yayda hər kəsin onu kifayət qədər qəbul etdiyi anlamına gəlmir.
"İlk növbədə, hər kəs kifayət qədər uzun müddət açıq havada olmur. Bundan əlavə, D vitamininin sintezi günəş altında qalma müddətindən, dərinin açıq qalan hissələrinin sahəsindən, coğrafi enlikdən, buludluluqdan, günəşdən qoruyucu vasitələrin istifadəsindən və hətta dəri rəngindən asılıdır. Buna görə də yalnız günəşə güvənmək həmişə düzgün yanaşma deyil", – deyə Tananakina izah edib.
Mütəxəssis bildirib ki, piylənməsi olan, bağırsaq, qaraciyər və ya böyrək xəstəliklərindən əziyyət çəkən, qida maddələrinin sorulması pozulan, eləcə də günəş şüalarına çox az məruz qalan böyüklər və uşaqların yayda da D vitamini qəbul etməsinə ehtiyac ola bilər.
Endokrinoloq vurğulayıb ki, D vitamini tam təhlükəsiz qida əlavəsi hesab edilməməlidir.
"Çoxları düşünür ki, artıq qəbul edilən D vitamini orqanizmdən özü xaric olacaq. Lakin bu doğru deyil. D vitamini yağda həll olunan vitamindir və orqanizmdə toplana bilər. Onun həddindən artıq qəbulu qanda kalsium səviyyəsinin yüksəlməsinə səbəb ola bilər. Bu isə halsızlıq, ürəkbulanma, iştahanın azalması, susuzluq hissi, qəbizlik, ağır hallarda isə böyrəklərin və ürəyin fəaliyyətinin pozulması ilə nəticələnə bilər", – deyə o qeyd edib.
Həkimin sözlərinə görə, D vitamininin uzun müddət və ya profilaktik dozadan yüksək miqdarda qəbulu yalnız tibbi nəzarət altında aparılmalıdır. Zərurət yarandıqda, həkim orqanizmdə D vitamini ehtiyatını qiymətləndirmək üçün 25(OH)D göstəricisinin, həmçinin kalsium, fosfor səviyyələrinin və böyrək funksiyasının yoxlanılmasını tövsiyə edə bilər.
Samir


