Həkim divanda yatmağın bel üçün nə vaxt təhlükəli olduğunu açıqladı

SAĞLAMLIQ
09:56 / 01.08.2026
49

Divanda yatmağın mütləq onurğa əyriliyinə və ciddi bel problemlərinə səbəb olduğu barədə yayılmış fikir tam doğru deyil. Bununla belə, divandan daimi yataq yeri kimi istifadə etmək müəyyən sağlamlıq riskləri yarada bilər. 

HİT.az xəbər verir ki, bu barədə gazeta.ru-ya nevroloq və refleksoterapevt Marqarita Pavlova danışıb.

Həkimin sözlərinə görə, əksər divanlar gündəlik yuxu üçün deyil, oturmaq məqsədilə hazırlanıb. Onların səthi çox yumşaq və ya həddindən artıq sərt ola, yaxud hissələri arasında nəzərəçarpacaq birləşmələr mövcud ola bilər.

"Nəticədə yuxu zamanı onurğa fizioloji dəstəyini itirir, əzələlər tam rahatlaşa bilmir və fəqərəarası disklərə düşən yük qeyri-bərabər paylanır", deyə Pavlova bildirib.

Onun sözlərinə görə, belə şəraitdə insan səhər yuxudan oyandıqda boyunda sərtlik, bel ağrısı, kürək və çiyin nahiyəsində gərginlik hiss edə bilər. Bu vəziyyət aylarla və ya illərlə davam edərsə, mövcud onurğa xəstəliklərinin kəskinləşməsi, xroniki ağrı və duruş pozuntuları riski arta bilər.

Mütəxəssis vurğulayıb ki, sağlam yetkin insanda divanda yatmaq öz-özlüyündə skolioza səbəb olmur. Lakin bu, funksional pozuntuların yaranmasına və mövcud problemlərin dərinləşməsinə şərait yarada bilər.

Həkim xüsusilə osteoxondroz, fəqərəarası yırtıq və xroniki bel ağrısından əziyyət çəkən şəxslərə, eləcə də dayaq-hərəkət sistemi hələ formalaşmaqda olan uşaq və yeniyetmələrə ehtiyatlı olmağı tövsiyə edib.

Əgər divanı dəyişmək mümkün deyilsə, onun səthinin hamar olmasına, çökmüş və ya hündürlük fərqləri olan hissələrin olmamasına diqqət yetirilməlidir. Bəzi hallarda ortopedik topperdən istifadə səthi bərabərləşdirərək onurğaya daha düzgün dəstək verə bilər.

Pavlovanın sözlərinə görə, əgər yuxudan sonra mütəmadi olaraq bel ağrısı, yorğunluq, boyun və ya qollarda keyimə hissi yaranır və bu əlamətlər yalnız bir neçə saat sonra keçirsə, həm yataq yerini dəyişmək, həm də həkimə müraciət etmək məqsədəuyğundur.

Həkim qeyd edib ki, sağlam insanlar üçün divanda arabir yatmaq adətən təhlükə yaratmır. Lakin divandan daimi yataq kimi istifadə etmək məsləhət görülmür. Onurğanın sağlamlığı üçün yuxu zamanı bədənin düzgün vəziyyətdə olması və əzələ-bağ aparatının tam bərpa olunması vacibdir.

Samir
 

0