Diyetoloqlar qan təzyiqini azaltmaq üçün ən faydalı şam yeməyini açıqladı

SAĞLAMLIQ
13:20 / 04.08.2026
47

Dörd diyetoloqun fikrincə, arterial təzyiqin tənzimlənməsinə kömək edən ən faydalı şam yeməklərindən biri sobada bişirilmiş qızılbalıq, ispanaq və şirin kartofdan ibarət menyudur. 

HİT.az xəbər verir ki, bu barədə "Parade" nəşri yazıb.

Diyetoloq Lauri Rayt bildirib ki, qidalanma arterial təzyiqə ciddi təsir göstərir. Onun sözlərinə görə, gündəlik qəbul edilən natrium, kalium, lif və yağ növləri ürək-damar sağlamlığında mühüm rol oynayır.

"Natrium qan dövranında artıq mayenin toplanmasına səbəb ola bilər ki, bu da damar daxilində təzyiqi artırır. Uzun müddətdə bu vəziyyət ürəyin daha çox işləməsinə gətirib çıxarır və ürək xəstəlikləri, insult, eləcə də böyrək xəstəlikləri riskini yüksəldir", deyə Rayt qeyd edib.

Amerika Ürək Assosiasiyası gündəlik duz qəbulunun 2 300 milliqramdan, ideal halda isə 1 500 milliqramdan çox olmamasını tövsiyə edir.

Raytın sözlərinə görə, arterial təzyiqi qidalanma vasitəsilə tənzimləmək istəyənlər üçün "DASH" pəhrizi ən uyğun seçimlərdən biridir.

Bu qidalanma modeli tərəvəz, meyvə, tam taxıllar, paxlalılar, çərəzlər, az yağlı süd məhsulları, balıq və quş ətinin qəbuluna üstünlük verir, eyni zamanda natrium, əlavə şəkər və doymuş yağların məhdudlaşdırılmasını nəzərdə tutur.

Diyetoloq Culiya Zumpano bildirib ki, insanların rahatlıq naminə tez-tez yarımfabrikat məhsullara, hazır yeməklərə və fast-fud seçimlərinə üstünlük verməsi gündəlik natrium qəbulunu əhəmiyyətli dərəcədə artırır.

Mütəxəssislərin hamısı ən faydalı seçim kimi qızılbalıq, ispanaq və şirin kartofdan ibarət yeməyi göstəriblər. Lauri Rayt bu kombinasiyanı "ürək sağlamlığı üçün üçlük" adlandırıb.

Qidalanma və Diyetologiya Akademiyasının nümayəndəsi Elizabet Klinqbeyl qeyd edib ki, ispanaq və şirin kartof lif və kaliumla zəngindir, qızılbalıq isə faydalı doymamış yağlar və yüksək keyfiyyətli zülal mənbəyidir.

Onun sözlərinə görə, bu məhsullar az miqdarda duzla da hazırlanaraq dadlı qala bilər.

Culiya Zumpano vurğulayıb ki, bu yeməyin hazırlanması çox vaxt aparmır və onu 30 dəqiqədən az müddətdə bişirmək mümkündür.

Diyetoloq Coanna Kats isə qızılbalığın qızardılmasının əvəzinə sobada, qrildə və ya hava fritözündə hazırlanmasını tövsiyə edib.

O, yeməyə sarımsaq, limon, göyərti, paprika, istiot, sirkə və ya duzsuz ədviyyat qarışıqlarının əlavə edilməsini, ispanağın təzə və ya dondurulmuş halda, duzlu souslar olmadan istifadə edilməsini, şirin kartofun isə sobada və ya qrildə bişirilməsini məsləhət görüb. Kərə yağı, çoxlu duz və bekon əlavə etməkdən çəkinmək tövsiyə olunur.

Diyetoloqların fikrincə, qızılbalığın tərkibindəki omeqa-3 yağ turşuları bir neçə həftə ərzində damarların elastikliyini artırmağa, qan dövranını yaxşılaşdırmağa, iltihabi prosesləri azaltmağa və ürək-damar xəstəlikləri ilə əlaqəli triqliseridlərin səviyyəsini aşağı salmağa kömək edə bilər.

Samir
 

0