Gündəlik multivitamin qəbulu yaşlı insanların daha uzun müddət aktiv qalmasına kömək edə bilər

SAĞLAMLIQ
19:38 / 04.08.2026
48

Gündəlik multivitamin qəbulu yaşlı insanların gündəlik fəaliyyətlərini daha uzun müddət müstəqil şəkildə yerinə yetirməsinə kömək edə bilər. 

HİT.az xəbər verir ki, bu barədə ABŞ Qidalanma Cəmiyyətinin "Nutrition 2026" konfransında Corciya Tibb Kollecinin Corciya Profilaktika İnstitutunun elmi əməkdaşı Bayu Bekele məlumat verib.

Tədqiqatçılar 60 yaşdan yuxarı 16 mindən çox insanın iştirak etdiyi genişmiqyaslı "COSMOS" araşdırmasının nəticələrini təhlil ediblər. İştirakçılar təsadüfi qaydada dörd qrupa bölünüb: multivitamin qəbul edənlər, kakao ekstraktı qəbul edənlər, hər iki əlavəni qəbul edənlər və plasebo qəbul edənlər.

Üç il sonra multivitamin qəbul edən iştirakçıların funksional sağlamlıq göstəricilərinin plasebo qrupundakı insanlarla müqayisədə daha yüksək olduğu müəyyən edilib. Qiymətləndirmə "Kansas City Cardiomyopathy Questionnaire" sorğusunun nəticələrinə əsasən aparılıb.

Araşdırmaya görə, ən nəzərəçarpan müsbət fərqlər simptomların ağırlığı və fiziki imkanları əks etdirən ümumi klinik göstəricidə müşahidə olunub.

Bayu Bekele bildirib ki, tədqiqatın əsas fərqi insanların yalnız ciddi xəstəliklərdən qorunmasına deyil, onların gündəlik həyatda özlərini necə hiss etmələrinə və gündəlik işlərin öhdəsindən necə gəldiklərinə diqqət yetirməsindədir.

Onun sözlərinə görə, ürək sağlamlığını və ümumi fiziki vəziyyəti dəstəkləyən multivitaminlər geyinmək, yuyunmaq, yerimək, pilləkən qalxmaq və ev işlərini görmək kimi gündəlik fəaliyyətlərin yerinə yetirilməsinə kömək edə bilər. Bu, xüsusilə yorğunluq, nəfəs darlığı və ödem səbəbindən hərəkət imkanları məhdudlaşan insanlar üçün əhəmiyyətlidir.

Araşdırma göstərib ki, kakao ekstraktı ümumi iştirakçı qrupu üzrə funksional sağlamlıq göstəricilərini əhəmiyyətli dərəcədə yaxşılaşdırmasa da, durğun ürək çatışmazlığı olan iştirakçılar üçün faydalı təsir göstərib.

Tədqiqat müəllifləri vurğulayıblar ki, qida əlavələri balanslı qidalanma və fiziki aktivliyi əvəz etmir. Hər hansı əlavənin qəbuluna başlamazdan əvvəl həkimlə məsləhətləşmək tövsiyə olunur.

Samir
 

0