Yay aylarında yuxunun keyfiyyəti təkcə isti hava səbəbindən deyil, bir çoxlarının zərərsiz hesab etdiyi bəzi vərdişlərə görə də pisləşə bilər.
HİT.az xəbər verir ki, ABŞ-ın "Wayne" Universitetinin terapevti və somnoloqu Kristofer C. Allen bu barədə "Yahoo" nəşrinə müsahibəsində danışıb.
Həkimin sözlərinə görə, gecə tez-tez oyanmağın əsas səbəblərindən biri axşam saatlarında həddindən artıq su içməkdir. Gün ərzində qəbul edilməli olan mayenin böyük hissəsi axşama saxlanıldıqda, insan gecə tualetə getmək üçün daha tez-tez oyanmalı olur ki, bu da yuxunun bölünməsinə səbəb olur.
Kristofer C. Allen bildirib ki, yatmazdan qısa müddət əvvəl intensiv idmanla məşğul olmaq da yuxuya mənfi təsir göstərir.
Onun sözlərinə görə, güclü fiziki yüklənmə bədən temperaturunu, ürək döyüntüsünü, həmçinin adrenalin və kortizol hormonlarının səviyyəsini artırır. Adrenalin orqanizmi daha ayıq vəziyyətə gətirir, ürək döyüntüsünü və arterial təzyiqi yüksəldir, kortizol isə enerji təmin etmək üçün ehtiyat qlikogen və yağların parçalanmasını sürətləndirir. Bu dəyişikliklər orqanizmin istirahət rejiminə keçməsini çətinləşdirir.
Mütəxəssis əlavə edib ki, yayda gündüz saatlarının uzanması da yuxu rejiminə təsir edir. Erkən gün doğumu və gec gün batımı yuxuya getmə vaxtını dəyişdirə və orqanizmin bioloji ritmlərini poza bilər.
Yuxunun keyfiyyətini yaxşılaşdırmaq üçün somnoloq yatmazdan iki-üç saat əvvəl çoxlu maye qəbul etməməyi və intensiv məşqlərdən çəkinməyi tövsiyə edib. Onun sözlərinə görə, bu vaxt daha sakit fiziki fəaliyyət növlərinə, məsələn, yoqa və ya pilatesə üstünlük vermək məqsədəuyğundur.
Bundan başqa, mütəxəssis bioloji ritmin sabit qalması üçün hər gün təxminən eyni saatda oyanmağı məsləhət görüb.
Samir


