Hər gün pendir yemək olarmı? - Diyetoloqların cavabı

SAĞLAMLIQ
10:17 / 05.08.2026
44

Pendir gündəlik sağlam qidalanmanın bir hissəsi ola bilər. Lakin onun miqdarı və seçilən növü böyük əhəmiyyət daşıyır.

HİT.az xəbər verir ki, "Today" nəşrinin yazdığına görə, dietoloqlar xəbərdarlıq edirlər ki, pendirin həddindən artıq istehlakı ürək-damar xəstəlikləri riskini artıra bilər. Bununla yanaşı, ölçülü porsiyalar orqanizm üçün faydalıdır.

Mütəxəssislərin sözlərinə görə, pendir yüksək keyfiyyətli zülal, kalsium, fosfor, A və B12 vitaminləri, eləcə də digər faydalı maddələrin mənbəyidir. Bu maddələr əzələ kütləsinin qorunmasına, sümüklərin və dişlərin möhkəmlənməsinə kömək edir, həmçinin toxluq hissinin daha uzun müddət qalmasını təmin edir.

Bununla belə, bir çox pendir növündə doymuş yağlar, duz və kalori yüksək miqdarda olur. Dietoloqlar bildirirlər ki, müntəzəm olaraq normadan artıq pendir yemək çəki artımına, "pis" xolesterinin yüksəlməsinə və arterial təzyiqin artmasına səbəb ola bilər.

Ekspertlər hesab edirlər ki, sağlam yetkin insanların əksəriyyəti gündə təxminən 30–45 qram pendir istehlak edə bilər. Bu hesablamaya pizza, makaron, sendviç və digər yeməklərin tərkibində olan pendir də daxildir.

Qanda xolesterin səviyyəsi yüksək olan, hipertoniya və ya böyrək xəstəliklərindən əziyyət çəkən şəxslərə pendir istehlakını məhdudlaşdırmaq, az yağlı və az natriumlu növlərə üstünlük vermək tövsiyə olunur.

Diyetoloqlar müntəzəm istifadə üçün ən faydalı pendir növləri kimi bunları göstəriblər:

* kəsmik;
* təzə "Mozzarella";
* "İsveçrə" pendiri;
* "Parmesan";
* "Feta".

Xüsusilə fermentləşdirilmiş pendirlər faydalı hesab olunur. Onların tərkibində bağırsaq mikroflorasına müsbət təsir göstərən probiotiklər və digər bioloji aktiv maddələr mövcuddur.

Maksimum fayda əldə etmək üçün mütəxəssislər pendiri tərəvəz, meyvə, giləmeyvə, tam taxıllı məhsullar, qoz-fındıq və ya yağsız zülal mənbələri ilə birlikdə istehlak etməyi tövsiyə edirlər. Bu yanaşma qidalanmanı daha balanslı edir və artıq kalori ilə doymuş yağların qəbulunun qarşısını almağa kömək edir.

Samir
 

0