Alimlər: Yemək zamanı su içmək iştahanı azaltmır

SAĞLAMLIQ
16:14 / 05.08.2026
41

ABŞ-ın Kornell Universiteti və Pensilvaniya Ştat Universitetinin alimləri müəyyən ediblər ki, yemək zamanı su içmək nə iştahanı azaldır, nə də yeməyi daha tez bitirməyə kömək edir. Əksinə, bu vərdiş qəbul edilən qidanın miqdarını artıra bilər. 

HİT.az xəbər verir ki, araşdırmanın nəticələri "Appetite" jurnalında dərc olunub.

Tədqiqat çərçivəsində 86 yetkin könüllünün ümumilikdə 172 yemək prosesi videoya çəkilərək təhlil edilib. İştirakçılara eyni porsiyada yemək və su təqdim olunub, daha sonra isə onlara istədikləri qədər yeyib-içməyə icazə verilib. Alimlər hər qurtumu hesablayıb, içilən suyun həcmini müəyyən edib və bu göstəriciləri qəbul edilən qida miqdarı ilə müqayisə ediblər.

Məlum olub ki, hər əlavə 100 millilitr su təxminən 39 qram artıq qida, yəni orta hesabla 49 kilokalori əlavə enerji qəbulu ilə əlaqəlidir. Başqa sözlə, yemək zamanı daha çox su içən iştirakçılar orta hesabla daha çox qida qəbul ediblər.

Tədqiqat müəllifləri hesab edirlər ki, su qidanın çeynənməsini və udulmasını asanlaşdırır, ağız boşluğundakı quruluğu azaldır və bunun nəticəsində yemək daha uzun müddət xoş dadını saxlayır. Bundan əlavə, hər qurtum su dad hissini sanki yeniləyir, qidanın tez adiləşməsinin qarşısını alır və insanı yeməyə davam etməyə təşviq edir.

Araşdırma zamanı maraqlı bir nəticə də əldə olunub. Suyu daha sürətlə içən iştirakçılar əksinə, daha az qida qəbul ediblər. Alimlər hələlik bu təsirin səbəbini izah edə bilmirlər.

Tədqiqat müəllifləri vurğulayırlar ki, araşdırma yalnız statistik əlaqəni göstərir və səbəb-nəticə münasibətini sübut etmir. İstisna deyil ki, bəzi iştirakçılar əvvəlcə daha çox qida qəbul edib, daha sonra daha çox susuzluq hiss ediblər. Bundan əlavə, eksperiment laboratoriya şəraitində cəmi iki növ yeməklə aparıldığı üçün nəticələrin daha genişmiqyaslı tədqiqatlarla təsdiqlənməsinə ehtiyac var.

Samir
 

0