50 yaşdan sonra ölüm riskini iki dəfədən çox artıran iki amil

SAĞLAMLIQ
12:02 / 06.08.2026
39

Braziliyanın "San-Karlos Federal Universiteti" və "London Universitet Kolleci"nin alimləri müəyyən ediblər ki, qarın nahiyəsində piylənmə (abdominal piylənmə) ilə D vitamini çatışmazlığının birlikdə müşahidə olunması 50 yaşdan yuxarı insanlarda ölüm riskini iki dəfədən çox artırır. 

HİT.az xəbər verir ki, tədqiqatın nəticələri "Diabetes, Obesity and Metabolism" jurnalında dərc olunub.

Alimlər altı il ərzində İngiltərədə aparılan "English Longitudinal Study of Ageing" (ELSA) layihəsində iştirak edən 50 yaşdan yuxarı 5520 nəfərin sağlamlıq vəziyyətini izləyiblər. Araşdırma zamanı iştirakçıların qanında D vitamini səviyyəsi və qarın piylənməsinin olub-olmaması qiymətləndirilib. Qarın çevrəsinin kişilərdə 102 santimetrdən, qadınlarda isə 88 santimetrdən çox olması abdominal piylənmə hesab edilib.

Nəticələr göstərib ki, bu amillərin hər biri ayrıca ölüm riskini artırsa da, onların birlikdə olması daha təhlükəlidir. Belə ki, abdominal piylənmə ölüm riskini 47 faiz, D vitamini çatışmazlığı isə 91 faiz artırır. Hər iki amil eyni vaxtda mövcud olduqda isə ölüm riski 123 faiz yüksəlir.

Tədqiqatın rəhbəri, professor Tyaqo Silva Aleksandrenin sözlərinə görə, qarın piylənməsi ilə D vitamini çatışmazlığı bir-birini gücləndirən "qüsurlu dövrə" yaradır. Piy toxuması D vitaminini özündə toplayaraq onun qana keçməsini çətinləşdirir. Bundan əlavə, piylənmə zamanı D vitamininin mübadiləsində iştirak edən fermentlərin fəaliyyəti də azalır. Nəticədə orqanizm immun, ürək-damar, sinir və endokrin sistemlərin fəaliyyəti üçün vacib olan bu vitamindən səmərəli istifadə edə bilmir.

Tədqiqat müəllifləri bildirirlər ki, D vitamini çatışmazlığı piylənmə və yaşlanma ilə əlaqəli xroniki iltihabı gücləndirir. Bu isə ürək-damar və maddələr mübadiləsi xəstəliklərinin inkişafını sürətləndirə, həmçinin əzələ kütləsinin itirilməsini artıraraq sağlamlıq risklərini yüksəldə bilər.

Samir
 

0