Yayın son həftələrində bir çox insan yayın çox tez keçdiyi və planlaşdırdığı işləri həyata keçirə bilmədiyi hissi səbəbindən narahatlıq, günahkarlıq və əsəbilik yaşayır. Mütəxəssislərin fikrincə, bu vəziyyət əsasən yüksək gözləntilər və insanın özünü başqaları ilə müqayisə etməsi ilə bağlıdır.
HİT.az xəbər verir ki, bu barədə "İzvestiya" qəzetinə "Medicina" klinikasının psixoterapevti, tibb elmləri namizədi İrina Kraşkina danışıb.
Onun sözlərinə görə, insanın heç nəyə çatmadığı hissi əksər hallarda görülən işlərin həqiqi sayı ilə deyil, özünə qarşı həddindən artıq yüksək tələblər, başqaları ilə müqayisə aparmaq vərdişi və uğursuzluqları nailiyyətlərdən daha çox xatırlamaq meyli ilə əlaqədardır.
Mütəxəssis bildirib ki, bir çox insan qısa yay mövsümünə həddindən artıq çox plan sığdırmağa çalışır. Səyahət etmək, ev təmiri aparmaq, bütün yaxınlarla görüşmək, idmanla məşğul olmaq və eyni zamanda peşəkar öhdəlikləri yerinə yetirmək istəyi sonda məyusluğa səbəb ola bilər.
Digər tərəfdən, bəzi insanlar istirahəti sonraya saxlayır və bunun üçün daha uyğun vaxt tapacaqlarını düşünürlər. Nəticədə yay başa çatır, lakin insan özünü kifayət qədər dincəlmiş hiss etmir.
Psixoterapevt qeyd edib ki, avqustun ikinci yarısında narahatlıq hissi bu dövrün simvolik bir mərhələ kimi qəbul olunması səbəbindən daha da arta bilər. İnsan ötən aylara nəzər salaraq vaxtı boşa verdiyini düşünə bilər.
Kraşkinanın sözlərinə görə, sosial şəbəkələr də bu hissi gücləndirir. Başqalarının səyahət, məzuniyyət və müxtəlif tədbirlərdən paylaşdıqları şəkillər onların yayının daha maraqlı keçdiyi təəssüratı yaradır. Halbuki istifadəçilər adətən yalnız həyatlarının ən yaxşı anlarını paylaşırlar və gündəlik çətinliklər görünmür.
Həkim əlavə edib ki, koqnitiv təhriflər də bu vəziyyətə təsir göstərir. İnsan bəzən əldə etdiyi uğurları kiçildir, yalnız yerinə yetirilməmiş planlara diqqət yetirir və hadisələrə "ya hamısı, ya da heç nə" prinsipi ilə yanaşır.
Psixoterapevt yayın necə keçdiyini sərt şəkildə qiymətləndirmək əvəzinə, sakit təhlil aparmağı tövsiyə edir. Onun fikrincə, həyata keçməyən planlarla yanaşı, qazanılmış təcrübə və əldə olunan nəticələri də xatırlamaq vacibdir. Həmçinin bütün təxirə salınmış planları təcili şəkildə həyata keçirməyə çalışmaq əvəzinə, yalnız ən vacib bir neçə məqsədə üstünlük vermək daha məqsədəuyğundur.
Samir


