Yağlı süd məhsulları düşünüldüyü qədər zərərli deyilmiş

SAĞLAMLIQ
22:56 / 10.08.2026
31

Uzun illər ərzində insanlara daha çox yağsız və ya az yağlı süd məhsullarına üstünlük vermək tövsiyə olunub. Lakin yeni araşdırma tam yağlı süd məhsullarının sağlam qidalanmanın bir hissəsi ola biləcəyini göstərib.

HUT.az xəbər verir ki, "ScienceDaily"nin məlumatına görə, Toronto Universitetinin professoru Harvi Andersonun rəhbərlik etdiyi alimlər bu istiqamətdə geniş araşdırma aparıblar.

12 həftə davam edən tədqiqatda 74 yetkin insan iştirak edib. Onlar müxtəlif qidalanma qruplarına bölünüb və fərqli miqdarda süd məhsulları qəbul ediblər. Nəticədə gündə üç porsiya tam yağlı süd məhsulu qəbulunun bədən çəkisi, bədən quruluşu, enerji mübadiləsi və qandakı lipidlərin səviyyəsinə mənfi təsir göstərmədiyi müəyyənləşib.

Tədqiqatçılar bildiriblər ki, insanlara uzun müddət doymuş yağların qəbulunu azaltmaq üçün yağsız və ya az yağlı süd məhsullarına üstünlük vermək tövsiyə olunub. Lakin aparılan yeni araşdırmanın nəticələri bu yanaşma ilə bağlı narahatlıqları təsdiqləməyib.

Alimlər artıq çəkisi və ya piylənməsi olan 74 yetkin şəxsi təsadüfi şəkildə üç qrupa ayırıblar.

Birinci qrup az miqdarda süd məhsulu və məhdud kalorili pəhriz saxlayıb. İkinci qrup enerji balansının qorunduğu və gündə üç porsiya süd məhsulunun daxil olduğu pəhrizlə qidalanıb. Üçüncü qrup isə qida qəbulunu məhdudlaşdırmadan, eyni zamanda hər gün üç porsiya süd məhsulu qəbul edib.

Süd məhsulları qəbul edən iştirakçılara tam yağlı məhsullar verilib.

12 həftənin sonunda süd məhsullarının az qəbul edildiyi qrupla hər gün üç porsiya süd məhsulu yeyən iştirakçılar arasında çəki artımı, bədən quruluşu və xolesterin səviyyəsi baxımından əhəmiyyətli fərq aşkarlanmayıb.

Bununla yanaşı, daha çox süd məhsulu qəbul edən iştirakçılarda arterial təzyiq göstəricilərinin yaxşılaşdığı, həmçinin kalsium, zülal və D vitamini qəbulunun artdığı müşahidə olunub.

Araşdırmanın rəhbəri Harvi Anderson bildirib ki, gündə üç porsiya süd məhsulu qəbul edən şəxslərdə xolesterin və digər qan lipidlərinin səviyyəsində mənfi dəyişiklik, eləcə də insulin müqavimətinin əlamətləri müşahidə edilməyib.

Alimlər doymuş yağlardan gözlənilən mənfi təsirlərlə bəzi süd məhsulları ilə bağlı araşdırmalarda müşahidə edilən neytral və ya müsbət nəticələr arasındakı fərqin "süd məhsullarının matrisi" adlandırılan mexanizmlə əlaqəli ola biləcəyini bildiriblər.

Bu nəzəriyyəyə görə, süd məhsullarının fiziki quruluşu onların tərkibindəki qida maddələrinin həzm olunmasına və orqanizm tərəfindən mənimsənilməsinə təsir göstərə bilər.

Andersonun sözlərinə görə, süd məhsullarında kazein və zərdab zülalı yağlarla birləşir və digər qida maddələri ilə birlikdə mürəkkəb struktur yaradır. Bu struktur qida maddələrinin orqanizmə daha tədricən daxil olmasına imkan verə bilər.

Beləliklə, süd məhsullarının orqanizmə təsiri yalnız onların tərkibindəki doymuş yağların ayrıca qiymətləndirilməsi ilə izah olunmaya bilər.

Mənbədə daha əvvəl ekspertlərin arıqlamaq istəyənlər üçün süd zərdabını faydalı süd məhsullarından biri kimi göstərdiyi də qeyd olunur.

Kəsmik və ya ev şəraitində hazırlanan kəsmik məhsullarının hazırlanması zamanı süd süzüldükdə geridə sarımtıl rəngli maye – zərdab qalır.

MDPI-nin məlumatlarına əsasən, 100 millilitr zərdabın tərkibində təxminən 0,8–1,2 qram zülal, 80–120 milliqram kalsium və B qrupu vitaminləri, xüsusilə B2 vitamini var. Məhsulun kaloriliyi isə nisbətən aşağıdır – təxminən 25–30 kilokalori.

Samir
 

0