Kollagen son illərin ən populyar nutrasevtiklərindən biridir. Bəziləri onu gəncliyin sirri, digərləri isə marketinq hiyləsi hesab edir. Həqiqət isə bu iki yanaşmanın arasındadır.
HİT.az xəbər verir ki, bunu həkim-kosmetoloq Yana Çernova gazeta.ru-ya açıqlamasında bildirib.
25 yaşdan sonra orqanizmin öz kollagenini sintez etməsi azalır. Kollagen dərinin sıxlığına və elastikliyinə, bağların və birləşdirici toxumanın möhkəmliyinə cavabdehdir. Lakin orqanizm kollageni dəyişilməmiş formada mənimsəmir. Onu amin turşularına və peptidlərə parçalayır, daha sonra isə həmin maddələr öz kollageninin sintezində istifadə olunur.
Burada məhsulun keyfiyyəti prinsipial əhəmiyyət daşıyır. Ən çox araşdırılmış forma hidrolizə olunmuş kollagendir və bu forma orqanizm tərəfindən daha asan mənimsənilir.
"İlk növbədə tərkibdə məhz hidrolizə olunmuş kollagenin olmasına diqqət yetirməyi tövsiyə edirəm. Bu, keyfiyyətin əsas meyarlarından biridir. Öz təcrübəmdə II və III tip kollagen olan məhsullara üstünlük verirəm. III tip dəri üçün, II tip isə oynaqlar və qığırdaqlar üçün vacibdir", deyə Çernova bildirib.
Kosmetoloq kollageni hər kəsə qəbul etməyi tövsiyə etmir. Bununla belə, bəzi pasiyentlər üçün onun istifadəsi xüsusilə faydalı ola bilər.
Birinci qrupa birləşdirici toxuma displaziyası olan insanlar daxildir. Onlarda kollagen liflərinin strukturu pozulur və dəri elastikliyini daha sürətlə itirir. Bu şəxslər üçün orqanizmi kifayət qədər zülal və amin turşuları ilə təmin etmək vacibdir.
İkinci qrupa kollagenin stimullaşdırılmasına yönəlmiş prosedurlardan keçən pasiyentlər daxildir. Bunlara polilaktik turşu inyeksiyaları, RF-liftinq və yeni kollagen sintezini stimullaşdıran digər üsullar aiddir.
"Həkim bildirib ki, bu prosedurları kompleks proqramın bir hissəsi kimi keyfiyyətli hidrolizə olunmuş kollagenin qəbulu ilə birləşdirməyi tövsiyə edirəm".
Bununla belə, kollagen möcüzəvi vasitə deyil. Orqanizmdə zülal, C vitamini, dəmir, mis və ya sink çatışmazlığı varsa, öz kollageninin tam sintezi mümkün deyil.
"Biz həmişə orqanizmi kompleks şəkildə qiymətləndiririk və yalnız bir qida əlavəsinə ümid etmirik", deyə Çernova vurğulayıb.
Həkimin fikrincə, keyfiyyətli hidrolizə olunmuş kollagen düzgün istifadə edildikdə marketinq hiyləsi deyil, faydalı vasitə ola bilər. O, kosmetoloji prosedurları əvəz etmir, lakin dərinin keyfiyyətinin qorunması və onun təbii yenilənməsinin dəstəklənməsi strategiyasının bir hissəsinə çevrilə bilər.
Samir


