Cəmiyyətdə klinik psixoloq və psixiatr peşələri çox vaxt bir-biri ilə qarışdırılır və onların fəaliyyət sahələri arasındakı sərhəd tam mənası ilə bilinmir.
Çünki hər iki mütəxəssis insanın psixi sağlamlığının bərpası və emosional rifahının təmin olunması istiqamətində çalışır. Lakin onların təhsil bazası, tətbiq etdikləri müayinə və müalicə metodları bir-birindən əsaslı şəkildə fərqlənir.
Psixiatr ali tibb təhsilli həkim olduğu halda, klinik psixoloq humanitar və ya psixologiya sahəsi üzrə ixtisaslaşmış mütəxəssisdir. Həmçinin psixiatr ruhi xəstəliklərin dərmanla müalicəsini həyata keçirə bildiyi halda, psixoloq psixoterapiya və seanslar vasitəsilə problemlərin kökünə enir. Bu fərqləri dürüst anlamaq isə psixoloji dəstəyə ehtiyacı olan şəxslərin doğru mütəxəssisə müraciət etməsi baxımından həyati əhəmiyyət kəsb edir.
Klinik psixoloq Zəhra Zahidova Hit.az-a açıqlamasında bu fərqlərdən danışıb.
O bildirib ki, klinik psixoloq və psixiatr hər ikisi psixi sağlamlıq sahəsində çalışır, amma yanaşmaları fərqlidir:
“Klinik psixoloq əsasən insanın düşüncələri, emosiyaları və davranışları üzərində işləyir. Depressiya, təşviş, panik atak, travma, münasibət problemləri, özünəinam və emosional çətinliklər zamanı psixoterapiya apararaq insanın problemin kökünü anlamağına və dəyişiklik yaratmasına kömək edir”.
Ekspert qeyd edib ki, psixiatr isə həkimdir:
“Psixi pozuntuları tibbi baxımdan qiymətləndirir, diaqnoz qoyur və lazım olduqda dərman müalicəsi təyin edir. Xüsusilə ağır depressiya, bipolyar pozuntu, psixoz, hallüsinasiyalar, ciddi yuxu və əhval dəyişiklikləri kimi hallarda psixiatra müraciət etmək vacibdir. Bəzən isə ən doğru yanaşma hər ikisinin birlikdə işləməsidir”.
Zəhra Zahidova nümunə də verib:
“Məsələn, psixiatr dərman müalicəsini aparır, klinik psixoloq isə psixoterapiya ilə insanın düşüncə və davranışları üzərində işləyir. Yəni sadə şəkildə desək psixiatr tibbi və dərman müalicəsini, klinik psixoloq isə psixoloji qiymətləndirmə və psixoterapiyanı həyata keçirir. Hansına müraciət etməli olduğunuzu isə simptomların xarakteri və ağırlığı müəyyən edir”.
Pərviz



