Alimlər qoxuların subyektiv qiymətləndirilməsinə əsaslanan test hazırlayıblar. Test Parkinson xəstəliyini qoxu itkisinə səbəb olan digər amillərdən 88–94 faiz dəqiqliklə fərqləndirə bilir. Məlum olub ki, xəstəlik sadəcə qoxu hissini zəiflətmir, qoxuların özünün qəbul edilmə tərzini də dəyişir.
HİT.az xəbər verir ki, tədqiqatın nəticələri "npj Parkinson's Disease" jurnalında dərc olunub.
Araşdırmada 94 nəfər iştirak edib: Parkinson xəstəliyi olan 33 pasiyent, 33 sağlam könüllü və xəstəliklə əlaqəsi olmayan qoxu itkisi yaşayan 28 nəfər. İştirakçılar qoxuların intensivliyini və xoşluq dərəcəsini 1-dən 100-ə qədər şkala üzrə qiymətləndirib, sensorlar isə onların nəfəsalma xüsusiyyətlərini qeydə alıb.
Kombinə edilmiş model Parkinson xəstəliyi olan pasiyentləri sağlam insanlardan 89 faiz, xəstəliklə əlaqəsi olmayan qoxu itkisi yaşayan şəxslərdən isə 88 faiz dəqiqliklə fərqləndirib. Diqqətlə seçilmiş qruplarda isə dəqiqlik göstəricisi 94 faizə çatıb.
Sağlam insanlar xoş qoxuları xoşagəlməz qoxularla müqayisədə daha uzun müddət iyləyiblər. Parkinson xəstəliyi olan pasiyentlər isə hər iki növ qoxunu təxminən eyni müddətdə iyləyiblər.
Bununla yanaşı, onlar xoş qoxuların intensivliyini sağlam insanlar kimi qiymətləndiriblər, lakin qoxuların xoşluq dərəcəsini nəzərəçarpacaq dərəcədə aşağı qiymətləndiriblər. Bu isə problemin qoxu hissinin ümumi zəifləməsi ilə deyil, beynin qoxuları emal etmə formasının dəyişməsi ilə bağlı olduğunu göstərir.
"Biz qoxu hissinin özünün itirilməsini deyil, beynin qoxuları qiymətləndirmə tərzində dəyişiklik müşahidə edirik", deyə tədqiqatın aparıcı müəllifi, Veytsman İnstitutunun əməkdaşı Mixal Andelman-Qur bildirib.
Tədqiqatçıların fikrincə, sadə və ucuz qoxu testi Parkinson xəstəliyinin erkən mərhələdə aşkarlanmasına kömək edə bilər.
Samir


