Müasir qan durulaşdırıcı preparatlar Alzheimer xəstəliyi və qulaqcıqların fibrillyasiyası olan insanlarda koqnitiv funksiyaların zəifləməsini ləngidə bilər. İsveçdəki Karolinska İnstitutunun alimləri bu qənaətə gəliblər.
HİT.az xəbər verir ki, tədqiqatın nəticələri "European Heart Journal" (EHJ) jurnalında dərc olunub.
Tədqiqatçılar Alzheimer xəstəliyi və qulaqcıqların fibrillyasiyası (ürək ritminin pozulması) olan 7308 pasiyentin məlumatlarını təhlil ediblər. İştirakçılar üç qrupa bölünüb. Birinci qrup müasir oral antikoaqulyantlar – qanın laxtalanma sisteminin əsas fermentlərini bloklayan NOAC preparatları qəbul edib. İkinci qrup ən çox öyrənilmiş antikoaqulyantlardan biri olan varfarindən istifadə edib, üçüncü qrup isə ümumiyyətlə qan durulaşdırıcı preparatlar qəbul etməyib.
Yaddaş və digər koqnitiv funksiyaların vəziyyəti standart MMSE testi vasitəsilə qiymətləndirilib. Məlum olub ki, müasir antikoaqulyantlar qəbul edən pasiyentlərdə koqnitiv funksiyalar digər iki qrupla müqayisədə daha yavaş zəifləyib.
Bundan əlavə, NOAC qəbul edən qrupda ölüm, insult, tromboz və sınıqların ümumi riski daha aşağı olub. Varfarin də insult və ölüm riskinin azalması ilə əlaqələndirilib, lakin bu preparatdan istifadə ciddi qanaxmaların daha çox baş verməsi ilə müşayiət olunub.
Alimlər hesab edirlər ki, antikoaqulyantlar Alzheimer xəstəliyi və qulaqcıqların fibrillyasiyasının birlikdə müşahidə edildiyi pasiyentlər üçün yalnız qan laxtalarının yaranmasının qarşısını almaq baxımından deyil, digər səbəblərdən də faydalı ola bilər. Bununla belə, preparatların koqnitiv funksiyalara mümkün təsir mexanizmi hələlik aydın deyil.
Samir


