Stress bir neçə dəqiqə ərzində qanın tərkibini dəyişə bilər

SAĞLAMLIQ
19:19 / 14.08.2026
42

Kəskin psixoloji stress cəmi bir neçə dəqiqə ərzində qan laxtalarının strukturunu dəyişdirə və qanın laxtalanma sistemini aktivləşdirə bilər. 

HİT.az xəbər verir ki, bu, "The Journal of Physiology" (JP) jurnalında dərc olunan araşdırmada müəyyən edilib.

Təcrübədə 18-30 yaş arası səkkiz sağlam kişi iştirak edib. Onların hər biri bir həftəlik fasilə ilə iki dəfə laboratoriya müayinəsindən keçib: bir seans zamanı iştirakçılar sakit şəkildə dincəlib, digər seansda isə stress testinə məruz qalıblar.

İştirakçılara əvvəlcədən improvizə edilmiş çıxışa hazırlaşmaq üçün beş dəqiqə vaxt verilib. Daha sonra onlardan ekspertlər qrupu və kamera qarşısında çıxış etmələri, ardınca isə mürəkkəb şifahi hesablama tapşırığını yerinə yetirmələri istənilib. Qan nümunələri hər sınaqdan dərhal əvvəl və sonra götürülüb.

Stress testindən sonra alimlər oksidləşdirici stressin artdığına dair əlamətlər aşkarlayıblar – qanda sərbəst radikalların səviyyəsi yüksəlib. Eyni zamanda laxtaların mikroskopik strukturu da dəyişib: qandakı fibrin şəbəkələri, yəni zülaldan ibarət "skeletlər", daha iri və sıx olub, laxtaların özləri də daha sıx quruluşa keçib.

Bundan əlavə, qanın laxtalanmasının daxili mexanizminin fəaliyyəti ilə əlaqəli göstərici olan aktivləşdirilmiş qismən tromboplastin vaxtı qısalıb. Bununla belə, alimlər qanın ümumi özlülüyündə və onun maye hissəsinin sıxlığında dəyişiklik aşkar etməyiblər. Bu isə stressin sadəcə olaraq qanın ümumi şəkildə "qatılaşmasına" səbəb olduğu ehtimalını təsdiqləmir.

Tədqiqatçılar hesab edirlər ki, aşkarlanan dəyişikliklər psixoloji gərginliyə cavab olaraq yaranan oksidləşdirici stresslə əlaqəli ola bilər. Bununla yanaşı, müəlliflər vurğulayırlar ki, nəticələr adi qısamüddətli stressin birbaşa infarkt və ya insult yaratdığını göstərmir.

Araşdırma kiçikmiqyaslı olub və yalnız gənc kişiləri əhatə edib. Hazırda alimlər eyni mexanizmin qadınlarda, yaşlı insanlarda və ürək-damar xəstəlikləri olan pasiyentlərdə də müşahidə edilib-edilmədiyini araşdırmağı planlaşdırırlar.

Samir

0