Hər gün qəhvə içdikdə böyrəklərdə nə baş verir?

SAĞLAMLIQ
21:38 / 17.08.2026
42

Böyrəklər orqanizmdən tullantıların və artıq suyun süzülməsində, eyni zamanda elektrolit balansının qorunmasında mühüm rol oynayır. Bir çox insan gününü bir, iki, hətta dörd fincan qəhvəsiz təsəvvür etmədiyindən bu içkinin böyrək sağlamlığı üçün təhlükəsiz olub-olmaması ilə bağlı sual yaranır. 

HİT.az xəbər verir ki, “EatingWell” portalı bu məsələni həkim və dietoloqlardan soruşub və cavab olduqca maraqlı olub.

Diyetoloq Sara Prato deyib ki, mövcud məlumatlar orta miqdarda qəhvə istehlakının – gündə təxminən 240 millilitrlik 2-3 standart fincanın – xroniki böyrək xəstəliyi olan insanların əksəriyyəti üçün təhlükəsiz olduğunu və hətta böyrək sağlamlığına müsbət təsir göstərə biləcəyini göstərir.

Qəhvə böyrək xəstəlikləri riskini azalda bilər

Araşdırmalar qəhvə istehlakının xroniki böyrək xəstəliyinin inkişaf riskini azaltmağa kömək edə biləcəyini göstərir. Dietoloq Melani Betsin sözlərinə görə, meta-analiz gündə iki və ya daha çox fincan qəhvə içən insanlarda böyrək xəstəliklərinin inkişaf riskinin 14 faiz aşağı olduğunu göstərib.

Pratonun sözlərinə görə, qəhvənin tərkibində xlorogen turşular, polifenollar və melanoidinlər də daxil olmaqla 1000-dən çox təbii birləşmə var. Bu maddələr antioksidant və iltihabəleyhinə xüsusiyyətlərə malikdir.

Bundan əlavə, artıq böyrək xəstəliyi olan insanlar üçün qəhvə istehlakı böyrəklərin fəaliyyətinə müsbət təsir göstərə bilər. Bets bildirir ki, qəhvə böyrək çatışmazlığının son mərhələsinə keçmə, sidikdə zülalın yaranması və ölüm riskinin daha aşağı olması ilə əlaqələndirilir.

Qəhvə böyrək daşlarının yaranması riskini azalda bilər

Prato bildirir ki, qəhvə sidiyin həcmini artırmaqla böyrək daşlarının yaranmasının qarşısını almağa kömək edə bilər. Bu, daşların əmələ gəlməsinə səbəb olan mineralların kristallaşmadan əvvəl durulaşdırılmasına və orqanizmdən xaric edilməsinə şərait yaradır.

Kofein də sidik ifrazını artıra bilər və bu, qəhvənin qoruyucu təsirinə töhfə verə bilər.

Kofein arterial təzyiqi yüksəldə bilər

Hipertoniya böyrəklərə gedən qan damarlarının daralması nəticəsində son nəticədə böyrək xəstəliklərinə səbəb ola bilər. Kofeinli qəhvə arterial təzyiqə təsir göstərə bilər, lakin kofein istehlakı ilə hipertoniya arasındakı əlaqə hələ də müzakirə mövzusudur.

Bəzi araşdırmalar qəhvə istehlakının hipertoniya riskini azalda biləcəyini göstərsə də, digər tədqiqatlarda əks nəticələr əldə edilib. Bununla belə, artıq hipertoniya xəstəliyindən əziyyət çəkən insanlar gündəlik qida rasionlarına kofein əlavə edərkən ehtiyatlı olmalıdırlar.

Böyrək sağlamlığı üçün qəhvədən necə istifadə etməli

Əlavə şəkərin miqdarını məhdudlaşdırın. Betsin sözlərinə görə, qəhvənin faydalı xüsusiyyətləri əsasən qara qəhvə ilə bağlıdır. Həddindən artıq şəkər və ya qaymaq əlavə etmək bu üstünlükləri asanlıqla aradan qaldıra bilər.

Doymuş yağların qəbulunu məhdudlaşdırın. Bets qəhvəyə qaymaq əlavə etməməyə çağırır. Onun sözlərinə görə, doymuş yağ mənbələri ürək-damar xəstəlikləri və nəticədə böyrək xəstəlikləri riskini artıra bilər.

Bəyəndiyiniz qəhvə növünü seçin. Bəzən insanlar qəhvənin öz dadını bəyənmədikləri üçün ona əlavə şəkər və qaymaq qatırlar. Belə hallarda istifadə etdiyiniz qəhvənin növünü dəyişmək faydalı ola bilər.

Ümumi miqdara diqqət yetirin. Prato bildirir ki, bir fincan qəhvənin tərkibində təxminən 100 milliqram kalium var və bu miqdar xroniki böyrək xəstəliyi olan insanların çoxu üçün uyğundur. Lakin gün ərzində bir neçə fincan qəhvə içildikdə kaliumun miqdarı arta bilər.

Əvvəllər aparılan araşdırmalar qəhvə istehlakının qarın nahiyəsindəki piylərin azalmasına kömək edə biləcəyini də göstərib. Lakin burada mühüm məqam var: söhbət yalnız əlavəsiz, qara qəhvədən gedir.

Samir

0