Nisbətən turş dadına baxmayaraq, təbii albalı şirəsi yalnız dadlı deyil, müəyyən dərəcədə faydalı da ola bilər.
HİT.az xəbər verir ki, “Martha Stewart” saytının ekspertlərinin sözlərinə görə, o, xüsusilə yuxusuzluğun öhdəsindən gəlməyə kömək edə bilər.
Diyetoloq Loren Manaker qeyd edib ki, təzə sıxılmış və ya tərkibində əlavə şəkər və sağlamlığa zərərli konservantlar olmayan şirəyə üstünlük vermək lazımdır. Bu maddələr içkinin faydalı xüsusiyyətlərini azalda bilər. İstifadədən əvvəl su ilə durulaşdırılan albalı konsentratından da yararlanmaq mümkündür.
Ekspertlər xatırladıblar ki, xroniki yuxusuzluq kifayət qədər təhlükəli vəziyyətdir. Bu hal diabet, piylənmə və ürək problemləri də daxil olmaqla müxtəlif xəstəliklərin inkişafına səbəb ola bilər. Mütəxəssislər yuxuya getməyə kömək edən rituallara əməl etməyi, həmçinin çobanyastığı çayı və ya ilıq süd kimi sakitləşdirici içkilər qəbul etməyi məsləhət görürlər.
İndi bu siyahıya bir stəkan albalı şirəsini də əlavə etmək olar. Tibb elmləri doktoru Melissa Mroz-Planellsin sözlərinə görə, albalının tərkibində yuxu və oyaqlıq dövrünü tənzimləməyə kömək edən hormon – təbii melatonin var.
Manaker əlavə edib ki, albalının tərkibində proantosianidinlər də mövcuddur. Onlar orqanizmdə triptofanın əlçatanlığını artırmağa kömək edə bilər. Proantosianidinlər müxtəlif meyvə, tərəvəz və toxumlarda olan polifenol növüdür. Onlar orqanizmi oksidləşdirici stressdən qorumağa və sərbəst radikalları neytrallaşdırmağa kömək edir.
Diyetoloqun sözlərinə görə, triptofan yuxunu tənzimləyən əsas hormonlar olan serotonin və melatoninin istehsalı üçün vacibdir.
Aparılan araşdırmalardan birində albalı şirəsi qəbulunun yataqda keçirilən müddəti statistik baxımdan əhəmiyyətli dərəcədə – 25 dəqiqə, ümumi yuxu müddətini 34 dəqiqə, yuxunun effektivliyini isə 5-6 faiz artırdığı müəyyən edilib. Tədqiqat iştirakçılarının qanında melatonin səviyyəsi də yüksəlib.
Xroniki yuxusuzluqdan əziyyət çəkən insanlar arasında aparılan başqa bir araşdırma isə albalı istehlakının daha uzun yuxu ilə əlaqəli olduğunu göstərib. İştirakçılar orta hesabla 62 dəqiqə daha uzun yatıb və yuxu zamanı oyanmaların sayı azalıb.
Albalının tərkibində güclü antioksidant xüsusiyyətlərə malik çoxlu təbii piqmentlər də var. Onlar hüceyrələri iltihabın inkişafına səbəb olan oksidləşdirici stress nəticəsində yaranan zədələnmələrdən qorumağa kömək edir.
Bu səbəbdən albalının müntəzəm istehlakı intensiv fiziki yükdən sonra orqanizmin bərpasına, eləcə də oynaqların sağlamlığına müsbət təsir göstərə bilər.
Samir


