Müntəzəm fiziki aktivlik, Aralıq dənizi pəhrizi, arterial təzyiqə nəzarət və sosial əlaqələrin qorunması ürək və beyin xəstəlikləri riskini azaldır.
HİT.az xəbər verir ki, bu barədə Avstraliyanın Şimal sahili Kral Hospitalının kardioloqu Eddi Barin nine.com.au nəşrinə açıqlamasında bildirib. Həkimin sözlərinə görə, əzələ gücünə və müvazinətə, diş sağlamlığına diqqət yetirmək, kifayət qədər su içmək, zəruri müayinələrdən və peyvəndlərdən keçmək də vacibdir.
Həkim ilk növbədə əzələ gücünü qorumaqla müntəzəm hərəkət etməyi tövsiyə edir. Ekspertin sözlərinə görə, qida rasionunun əsasını Aralıq dənizi pəhrizinə daxil olan məhsullar — tərəvəzlər, balıq, dənli bitkilər, paxlalılar, zeytun yağı, yumurta və quş əti təşkil etməlidir. Eyni zamanda, emal olunmuş qidaların miqdarını azaltmaq lazımdır.
“Arterial təzyiqi mütəmadi olaraq yoxlamaq və tibbi müayinələrdən keçmək də az əhəmiyyət daşımır. Bu yanaşma sağlamlıq vəziyyətindəki dəyişiklikləri vaxtında aşkar etməyə və lazımi tədbirlər görməyə imkan verir. Bundan əlavə, kifayət qədər su qəbul etmək lazımdır. Su böyrəklərin normal fəaliyyəti, qan dövranı və təzyiqə nəzarət üçün vacibdir”, — mütəxəssis qeyd edib.
Barin psixoloji rifahı da unutmamağa çağırıb. Onun sözlərinə görə, pozitiv düşüncə və yaxın insanların dəstəyi sağlam həyat tərzinin mühüm hissəsi ola bilər.
Kardioloq beynin yaşla bağlı dəyişikliklərinin qarşısının alınmasına xüsusi diqqət yetirib. Bunun üçün əzələ gücünü və müvazinəti qorumağı, daim yeni bacarıqlar mənimsəməyi və sosial əlaqələri davam etdirməyi tövsiyə edir. Mütəxəssisin fikrincə, ünsiyyət və aktiv sosial həyat yaşlandıqca da gündəlik həyatın bir hissəsi olaraq qalmalıdır.
Həkim ağız boşluğunun sağlamlığını da mühüm amil kimi qeyd edib. O, diş gigiyenasına riayət etməyi və vaxtında stomatoloji yardım almağı məsləhət görür. Bundan əlavə, Barin zəruri peyvəndlərdən imtina etməməyi tövsiyə edib. Çünki infeksiyalar və xroniki iltihab “sitokin fırtınası”na səbəb ola bilər.
İnfeksiya zamanı immun sistemi iltihab prosesində iştirak edən maddələri — sitokinləri aktiv şəkildə ifraz edir. Orta miqdarda olduqda onlar patogenlərin məhv edilməsinə kömək edir. Lakin immun reaksiyanın həddindən artıq güclənməsi zamanı damarların keçiriciliyi arta və onların tonusu dəyişə bilər. Sitokin fırtınası həmçinin qanın laxtalanma sistemini aktivləşdirə və damarların daxili qişası olan endoteli zədələyə bilər.
Samir


