Gün ərzində enerjini qorumaq və səhər saatlarında tez acmamaq üçün səhər yeməyinin tərkibi böyük əhəmiyyət daşıyır.
HİT.az xəbər verir ki, diyetoloq Lindsiy DeSoto uzunmüddətli enerji üçün yunan yoqurtu, giləmeyvə, qoz və çia toxumundan hazırlanan sadə qarışığı tövsiyə edir.
Mütəxəssisin sözlərinə görə, bu səhər yeməyinin hazırlanması cəmi bir neçə dəqiqə çəkir və bişirməyə ehtiyac yoxdur. Əsas üstünlüyü isə zülal, liflə zəngin karbohidratlar və faydalı yağları eyni anda təmin etməsidir.
DeSoto ideal variant kimi bir kasa yunan yoqurtuna giləmeyvə, qoz və çia toxumu əlavə etməyi məsləhət görür. Yoqurt zülal, giləmeyvə liflə zəngin karbohidrat, qoz və çia toxumu isə faydalı yağlar və əlavə lif mənbəyi rolunu oynayır.
ABŞ Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, 200 qram yunan yoqurtunda təxminən 20 qram zülal olur. Bu göstərici eyni miqdarda adi yoqurtla müqayisədə daha yüksəkdir. Araşdırmalar da yunan yoqurtunun bəzi digər süd məhsullarından daha uzunmüddətli toxluq hissi yaratdığını göstərir.
Diyetoloq yoqurta müxtəlif meyvə və qoz-fındıqla yanaşı, üyüdülmüş kətan toxumu və ya yulaf əlavə etməyi də tövsiyə edir. Yoqurt seçərkən şəkərsiz və ya az şəkərli məhsullara üstünlük vermək məsləhətdir. Daha şirin dad üçün isə təzə meyvə və ya bir qədər darçın əlavə etmək olar.
DeSotoya görə, insanın daha uzun müddət tox qalması və səhərlər halsızlıq hiss etməməsi üçün səhər yeməyində üç əsas komponent – zülal, liflə zəngin karbohidratlar və faydalı yağlar olmalıdır.
Zülal toxluq hissini karbohidrat və yağlardan daha uzun müddət saxlamağa kömək edir. O, həmçinin əzələlərin formalaşması və qorunması üçün vacib olan amin turşularını təmin edir. Mütəxəssis səhər yeməyində 15-30 qram zülal qəbul etməyi tövsiyə edir.
Yunan yoqurtundan başqa, yumurta, kəsmik, tofu, süd və soya südü də yaxşı zülal mənbələri hesab olunur.
Karbohidratlardan isə liflə zəngin məhsullara üstünlük vermək tövsiyə edilir. Yulaf, meyvələr və tam taxıllı məhsullar daha yavaş həzm olunur və qan şəkərinin daha sabit qalmasına kömək edə bilər. Bu da gün ərzində enerjinin daha stabil olmasına və rafinə edilmiş karbohidratlardan sonra yaranan ani enerji düşüşlərinin qarşısının alınmasına yardım edir.
Diyetoloq səhər yeməyində ən azı 5 qram lif qəbul etməyi məsləhət görür. Bunun üçün yulaf, tam taxıllı çörək, giləmeyvə, alma, armud, çia və kətan toxumundan istifadə etmək olar.
Faydalı yağlar da uzunmüddətli enerji üçün vacibdir. Onlar orqanizmi enerji ilə təmin etməklə yanaşı, A, D, E və K vitaminlərinin mənimsənilməsinə kömək edir və yeməyi daha doyumlu edir.
Qoz-fındıq, toxumlar, avokado, zeytun və zeytun yağı faydalı yağlarla zəngin məhsullar sırasındadır.
Beləliklə, mütəxəssisə görə, balanslı səhər yeməyi yalnız insanı tox saxlamaqla kifayətlənmir, həm də gün ərzində enerjinin daha sabit qalmasına kömək edə bilər.
Samir


