Ovuc içi və ayaqaltında qaşınma, gecələr ayaqlarda tez-tez qıcolmalar və qanaxmalar qaraciyərin fəaliyyətində pozuntuların gözardı edilən əlamətləri ola bilər.
HİT.az xəbər verir ki, bunu ABŞ-ın Modern Medicine klinikasının terapevti Kori Rays bildirib. Mütəxəssisin sözlərini Daily Mail nəşri yayıb.
Mütəxəssisin sözlərinə görə, qaraciyər xəstəlikləri zamanı qaşınma orqan öz funksiyalarını normal yerinə yetirmədikdə qanda öd turşularının toplanması ilə əlaqəli ola bilər. Öd turşuları qana keçərək dəridəki sinir uclarını qıcıqlandırır. Bu zaman xoşagəlməz hisslər xüsusilə ovuc içində və ayaqaltında yaranır və gecələr güclənir.
“Digər mümkün siqnal kimi həkim ayaqlarda qıcolmaları göstərib. Bu hal bəzi qaraciyər xəstəlikləri zamanı yaranan elektrolit balansının pozulması və zülal mübadiləsindəki dəyişikliklərlə əlaqəli ola bilər”, – deyə ekspert qeyd edib.
Rays həmçinin tez-tez baş verən qanaxmalara diqqət yetirməyi tövsiyə edib. Qaraciyər qanın normal laxtalanması üçün vacib olan zülalların istehsalında iştirak edir. Orqanın fəaliyyəti pozulduqda bu proses zəifləyə və nəticədə qanaxmaya meyillilik arta bilər.
Bununla belə, həkim vurğulayıb ki, sadalanan simptomlar öz-özlüyündə hər zaman qaraciyər xəstəliyinə dəlalət etmir və müxtəlif səbəblərdən yarana bilər. Əlamətlər uzun müddət davam edərsə, mütəxəssis həkimə müraciət etməyi və müayinədən keçməyi tövsiyə edir.
Daha ciddi simptomlara – dərinin və ya gözlərin ağlarının saralmasına, qusmaya və şüurun qarışmasına xüsusi diqqət yetirilməlidir. Bu əlamətlər meydana çıxdıqda Rays mümkün qədər tez tibbi yardım almağı məsləhət görür.
Samir
