Antibiotiklərdən həkim məsləhəti və resepti olmadan istifadə edilməsi cəmiyyətdə geniş yayılmış təhlükəli vərdişlərdən biridir.
Bəzi insanlar soyuqdəymə, öskürək və digər narahatlıqlar zamanı antibiotiki özbaşına qəbul edir və bunun xəstəliyi daha tez sağaldacağını düşünürlər. Halbuki antibiotik hər xəstəlik üçün uyğun deyil və düzgün istifadə edilmədikdə həm insanın sağlamlığına zərər verə, həm də antibiotiklərə davamlı bakteriyaların yaranmasına səbəb ola bilər.
Professor, Adil Qeybulla Hit.az-a açıqlamasında bildirib ki, antibiotiklərin apteklərdə həkim resepti olmadan satışına yol verilməməlidir:

“Ümumiyyətlə, dərmanların böyük hissəsinin yalnız tibbi göstəriş və resept əsasında əhaliyə təqdim edilməsi daha düzgün yanaşmadır. Təəssüf ki, bəzi apteklərdə dərman satışı ilə adi pərakəndə ticarət arasında ciddi fərq hiss olunmur. Belə yanaşma isə insanların sağlamlığı üçün arzuolunmaz və bəzən ağır nəticələr doğura bilər.
İnsanlar bir çox hallarda həkimə müraciət etmək əvəzinə tanışların məsləhətinə, internetdə rast gəldikləri məlumatlara və ya əvvəllər istifadə etdikləri dərmanlara əsaslanaraq qərar verirlər. Nəticədə antibiotiklər də tibbi müayinə aparılmadan və konkret diaqnoz müəyyənləşdirilmədən qəbul edilə bilir”.
Ekspert qeyd edib ki, bəzi hallarda dərman seçimi birbaşa aptekdə formalaşır və alıcıya müəyyən antibiotiklər tövsiyə edilir:
“Belə vəziyyətdə müalicənin fərdi xüsusiyyətlərə uyğunluğu, mümkün əks-göstərişlər və yan təsirlər lazımi səviyyədə qiymətləndirilməyə bilər. Antibiotiklərin reseptsiz əldə olunması yalnız hüquqi və ya inzibati məsələ deyil, eyni zamanda ciddi ictimai sağlamlıq problemidir. Bu preparatların nəzarətsiz istifadəsi nəticəsində yaranan fəsadlar barədə vaxtaşırı məlumatlar yayılsa da, problemin tam aradan qaldırılması üçün daha sistemli nəzarət mexanizmlərinə ehtiyac var.
Dərmanların dövriyyəsinə dövlət nəzarəti gücləndirilməli, xüsusilə reseptlə buraxılması tələb olunan preparatların satışına nəzarət daha effektiv təşkil edilməlidir. Çünki antibiotik hər bir xəstəliyin müalicəsi üçün nəzərdə tutulan universal vasitə deyil”.
Günel Cəlilova


