Qırmızı ətdən imtina insan ömrünü uzadır? - Alimlərdən cavab

SAĞLAMLIQ
12:16 / 19.08.2026
49

Qırmızı və emal olunmuş ətdən imtina daha uzun ömür sürməyə zəmanət vermir. Bununla belə, bu məhsulların az istehlakı ölüm riskinin cüzi azalması ilə əlaqələndirilir. ABŞ alimləri təxminən 1 milyon insanın məlumatlarını 38 il ərzində təhlil etdikdən sonra bu qənaətə gəliblər. 

HİT.az xəbər verir ki, tədqiqatın nəticələri “Current Developments in Nutrition” (CDN) jurnalında dərc olunub.

Tədqiqatçılar “Cancer Prevention Study II” adlı genişmiqyaslı araşdırmada iştirak edən 988 378 nəfərin məlumatlarını təhlil ediblər. Müşahidənin orta müddəti 27,5 il olub və bu müddət ərzində 626 017 iştirakçı dünyasını dəyişib.

İştirakçılar qırmızı və emal olunmuş ət istehlakının səviyyəsinə görə qruplara bölünüb. Bundan əlavə, yalnız ağ ət yeyən və ya demək olar ki, tamamilə ətdən imtina edən insanların qrupları müəyyən edilib.

Yaş, cins, siqaret çəkmə, bədən kütlə indeksi, sağlamlıq vəziyyəti və digər amillər nəzərə alındıqdan sonra qırmızı və emal olunmuş ətin az istehlakının daha aşağı ölüm göstəricisi ilə ən ardıcıl şəkildə əlaqəli olduğu müəyyənləşib.

Quzu, mal və donuz ətini çox istehlak edən qrupla müqayisədə bu şəxslərdə bütün səbəblərdən, ürək-damar xəstəliklərindən, xərçəngdən və insultdan ölüm riski bir qədər aşağı olub. İnsult üzrə nisbi riskin azalması təxminən 4 faiz təşkil edib.

Bununla belə, yalnız ağ ətə keçid və ya ətdən tamamilə imtina ömür uzunluğu ilə eyni dərəcədə sabit əlaqə göstərməyib. Tədqiqatçılar bəzi qruplarda ölüm hallarının azaldığını müəyyən ediblər. Lakin nəticələr iştirakçıların yaşından, cinsindən və digər xüsusiyyətlərindən asılı olaraq dəyişib.

Alimlər vurğulayırlar ki, araşdırma qırmızı ətdən imtinanın birbaşa olaraq ömrü uzatdığını sübut etmir. Tədqiqat müşahidə xarakterli olub, qidalanma rejimi isə yalnız araşdırmanın əvvəlində – 1982-ci ildə keçirilmiş sorğu əsasında qiymətləndirilib.

Bundan əlavə, demək olar ki, ət istehlak etməyən insanların qrupları nisbətən kiçik olub.

Samir

0