Mindən çox genetik tənzimləyici mexanizm qadınların autoimmun xəstəliklərə daha həssas olmasını və infeksiyalara qarşı daha davamlılığını izah edə bilər.
HİT.az xəbər verir ki, bu, "The American Journal of Human Genetics" (TJHG) jurnalında dərc olunan araşdırmada üzə çıxıb.
Autoimmun xəstəliklər immun sisteminin səhvən orqanizmin sağlam toxumalarına hücum etməsi zamanı yaranır. Bunun ən bariz nümunələrindən biri sistemli qırmızı qurdeşənəyidir. Bu xəstəliyə qadınlarda kişilərlə müqayisədə təxminən doqquz dəfə daha çox rast gəlinir. İndiyədək bu fərqin bioloji səbəbləri tam məlum deyildi.
Tədqiqatçılar təxminən 1000 sağlam insandan əldə edilən 1 milyondan çox immun hüceyrəsini təhlil ediblər. Alimlər təkhüceyrəli analiz texnologiyasının köməyi ilə genlərin fəaliyyətini qan hüceyrələrinin ümumi kütləsində deyil, ayrı-ayrı immun hüceyrə tiplərində araşdırıblar.
Təhlil əhəmiyyətli fərqləri ortaya çıxarıb. Qadınlarda B hüceyrələrinin və tənzimləyici T hüceyrələrinin sayı daha çox olub, onların immun hüceyrələrində gen aktivliyi isə daha çox iltihabi proseslərlə əlaqəli olub. Kişilərdə isə erkən immun cavabda iştirak edən monositlərin sayı daha çox olub.
Alimlər genetik tənzimləyicilərə – genlərin aktivliyini idarə edən, yəni müəyyən genin nə dərəcədə intensiv işlədiyini müəyyənləşdirən DNT sahələrinə xüsusi diqqət yetiriblər. Tədqiqat nəticəsində aktivliyi cinsdən asılı olaraq fərqlənən mindən çox belə tənzimləyici müəyyən edilib.
Bununla yanaşı, aşkar edilən fərqlərin əksəriyyəti X və Y cinsi xromosomlarında deyil, həm kişilərdə, həm də qadınlarda mövcud olan autosomlarda yerləşib. Müəyyən edilən bəzi genetik mexanizmlərin sistemli qırmızı qurdeşənəyinin inkişafında iştirak edən genlərlə əlaqəli olduğu müəyyənləşdirilib.
Tədqiqatçıların fikrincə, daha güclü iltihabi reaksiya qadınlara infeksiyalarla mübarizədə üstünlük verə bilər. Lakin eyni xüsusiyyət immun sisteminin orqanizmin öz toxumalarına hücum etməsi ehtimalını da artıra bilər.
Alimlər vurğulayırlar ki, genetik xüsusiyyətlər autoimmun xəstəliklərin yeganə səbəbi deyil. Hormonal və digər amillər də mühüm rol oynayır.
Samir


